AZAL-ın superstarı Zuheyr Benuahi oynadığı futbolla hamının rəğbətini qazanıb. Son vaxtlar mərakeşli pleymeykerin mövsümün sonunda daha iddialı kluba keçəcəyi barədə söz-söhbətlər səngimir. Deyilənə görə, 24 yaşlı futbolçu "İnter"dən sərfəli təklif alıb. Futbolçunun meneceri Erkin İbrahimov açıqlamasında müştərisinin gələcək taleyinə aydınlıq gətirib. "Zuheyri Azərbaycana mən gətirmişəm. Açığı, mən də mətbuatda bəzi xəbərləri oxuyuram. Demək olar ki, bütün iddialı klubların Benuahiylə maraqlandığı deyilir. Ancaq bu günə kimi heç bir klubdan real təklif almamışıq. Zuheyr AZAL-da çox xoşbəxtdi.Həm də ki, futbolçunun AZAL-la hələ 1 illik müqaviləsi qalır. AZAL-ın yayda onu buraxacağına inanmıram", deyə İbrahimov bildirib
|