"İnter" "Qarabağ"a rədd cavabı verdi GEORGİ NİKOLOV: «ONLARIN FİNAL MƏRHƏLƏSİNİN BAŞLANĞICINDA BELƏ BİR FİKRƏ DÜŞMƏSİ DOĞRU DEYİL» Bakının «İnter» klubu «Qarabağ»la çempionatın final mərhələsinin səfər oyunu Quzanlıda keçirməyə etiraz edir. Qol.Az-ın müxbiri ilə söhbətində klubun prezidenti Georgi Nikolov «Qarabağ» rəşbərliyinin belə bir fikrə düşməsini anlamadığını söyləyib.
«Yadınızdadırsa, hələ iki il əvvəl də belə vəziyyət yaranmışdı. Biz o zaman Quzanlıda oynamağa razı deyildik. Amma sonra ora gedəsi olduq. Biz indi də çempionatın ritminin pozulmasını istəmirik. Xoşagəlməz söhbətlərin yaranmaması üçün «Qarabağ» bizə rəsmi şəkildə müraciət etməlidir. Yalnız bundan sonra Quzanlıda oynamaq haqda fikirləşmək olar. Mən bu məsələylə bağlı baş məşqçimiz Kaxaber Sxadadzeylə məsləhətləşəcəyəm. Amma bütün hallarda hesab edirəm ki, «Qarabağ»ın final mərhələsinin başlanğıcında belə bir fikrə düşməsi doğru deyil» - deyə G.Nikolov bildirib.
Onun sözlərinə görə, «Qarabağ»la səfər oyunları aprelin 24-də keçiriləcək, üç gün sonra isə «İnter» kubok görüşündə meydana çıxmalıdır: «Bizim gərgin qrafikimiz var. Əvvəlcə səfərə getməli, sonra isə kubok oyununa çıxmalıyıq. Buna görə də mən «İnter»in Quzanlıya getməsinə razı deyiləm. Amma yenə də deyirəm, Sxadazeylə danışıqlar aparacağam. Eyni zamanda PFL-in verəcəyi qərar da maraqlıdır. Əgər aprelin 27-də bizim kubok oyunumuz olmasaydı, Quzanlıya gedərdik. Birdə ki, qanunlara da əməl etmək lazımdır. Mən bu məsələylə bağlı mübahisə etmək, iki il əvvəlki kimi söhbətlərin yaranmasını istəmirəm. Ona görə də «Qarabağ» bizə rəsmi şəkildə müraciət etməli və bu məsələni öz aramızda çözməliyik» - deyə Nikolov bəyan edib.
Xatırladaq ki, «Qarabağ» klubu «İnter»də daxil olmaqla dörd komandayla çempionatdakı ev oyununu Quzanlıda keçirmək istəyir. Peşəkar Futbol Liqası isə klubların öz aralarında razılığa gələcəyi halda matçların Ağdamda keçiriləcəyinə icazə veriləcəyini bəyan edib. Millət vəkili, «Qarabağ» klubunun fəxri prezidenti Aqil Abbas «İnter»in «Qarabağ»la səfər oyununu Ağdamın Quzanlı qəsəbəsi stadionunda oynamaqdan imtina etməsinə münasibət bildirib.
Qol.Az-ın müxbiri ilə söhbətində o, «İnter»in prezidenti Georgi Nikolovun bununla bağlı açıqlamasına etiraz edib: «İnter» Azərbaycan futbolunda kimdir? Mən sənin meydanında oynayıramsa, sən də gəlib bizim stadionunda oyuna çıxmalısan. Sabah Naxçıvanın «Araz» komandası Premyer Liqada çıxış etsə, «İnter» Naxçıvana getməyəcək? Ağdam «Qarabağ»ın yeri-yurdudur. Komanda öz meydanında oynamağa gedir. «İnter»in nə ixtiyarı var ki, ora getməsin?! Hələ iki il əvvəl də bənzər hadisə yaşanmışdı. O vaxt da buna etiraz etdim. Sonra onların prezidenti Nikolov mənim fikirlərimin haqlı olduğunu söylədi. Quzanlıdan da razı qayıtdılar» - deyə A.Abbas bildirib.
|