AFFA Hakimlər Komitəsi "İnter" - "Turan" oyununda yaşanan qalmaqalla bağlı rəsmi açıqlama verib. Məsələ ilə bağlı Premyerliqa.az-a danışan komitə sədri Xaqani Məmmədov mübahisəli epizodla bağlı bunları deyib:
"Həmin epizodu tam görmək mümkün deyil. Hansı kameradan baxsaq da, topun qapı xəttini keçib-keçmədiyini söyləmək çox çətindi. Amma biz yan xətt hakimimizə inanırıq. Çünki həmin epizodu hamıdan yaxşı o görüb".
Məmmədov oyunu yarımçıq dayandıran "Turan"ı və onun rəhbərliyini qeyri-peşəkarlıqda günahlandırıb: "Turan"ın hərəkətini düzgün saymıram. Çünki qol 43-cü dəqiqəsində vurulmuşdu. Əgər epizodla bağlı şikayətin var idisə, bunu elə həmin vaxt bildirərdin. Fasilədə həmin epizodun yada salınması və sonradan şikaytə edilməsi düzgün deyil. Bunu oyundan sonra protokolda qeyd edə bilərsən. Amma klub və onun rəhbərliyinin qeyri-peşəkarlığı hadisələrin bu yerə gəlib çıxmasına səbəb oldu. Bu da onu göstərir ki, "Turan"ın başında duranlar delitantdı və komandanı uçuruma aparır. Elə bil kolxoz komandasıdı. Deyirlər ki, ikinci qolu hesaba alma, oyuna çıxım".
Ramin Musayev: "O, məni başa düşmək istəmədi"
Fanat: AFFA İntizam Komitəsi "Turan"a texniki məğlubiyyət verəcək. Fanat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Tovuz klubu "İnter"lə oyunun ikinci yarısında meydana çıxmadığı üçün 0:3 hesablı məğlubiyyətlə cəzalandırılacaq. Ramin bəy İntizam Komitəsinin əlavə cəzalar da tətbiq etməsini istisna etməyib. PFL prezidenti bildirib ki, futbolçular Musa Süleymanovun göstərişi ilə meydana çıxmayıb: "Onunla telefonda danışdım, amma məni başa düşmək istəmədi".
|