Sabah Premyer Liqanın 15-ci turunun oyunları keçiriləcək. Sözsüz ki, turun ən maraqlı və mərkəzi oyunu "Xəzər Lənkəran" və "İnter" arasında baş tutacaq. Ancaq Lənkərandakı görüş televiziya vasitəsilə canlı yayımlanmayacaq.
Məsələni araşdırmaq üçünü klubun rəisi Səməd Mustafayevdən münasibət öyrəndik. Səməd bəy, yerli azarkeşlərin marağını nəzər alaraq, oyununun canlı yayımlanmasına qarşı çıxdıqlarını deyib: "İddialı klublarla oyunda hava soyuq olarkən və ya telekanal vasitəsilə yayımlanarkən, azarkeş stadiona gəlmirlər. Yəni fanatlar matçı TV vasitəsilə izləməyə üstünlük verirlər.
Rəhbərlik də belə qərara gəldi ki, "İnter"lə görüş canlı yayımlanmasın. Belədə azarkeşlərin stadiona gələcəkləri və tribunaları dolduracaqları daha ağlabatandır".
Klubun atdığı bu addım həqiqətən də qəribədir. Stadionun tutumu cəmi 13 min nəfərdir. Belə çıxır ki, oyunu yaılnız həmin azarkeşlər canlı izləyə biləcək. Ancaq nəzərə almaq lazımdır ki, "Xəzər Lənkəran" - "İnter" matçını Lənkərandan savayı Bakı və ümumiyyətlə ölkə xaricində olan fanatlar da izləmək istəyir. Oyuna giriş biletinin bir manat olduğunu nəzərə alsaq deməli, 13000 manatın marağı milyonlara qurban verilib.
|