"İnter" mütləq avrokuboklarda oynamalıdı"
"Mövsümün ilk oyunları həmişə çətin olur. İlk turda bizə uduzmaq istəməyən güclü komanda müqavimət göstərirdi. Birinci hissədə komandamız üstünlüyə malik idi, lakin onu qola çevirə bilmədik. Allaha şükür ki, fasilədən sonra üstünlüyü arzu olunan qola çevirməyi bacardıq".Bu sözləri "Turan"la oyunla bağlı danışarkən "İnter"in futbolçusu Xəyal Mustafayev deyib.
Bir müddət əvvəl "İnter"ə dönən futbolçu "Qarabağ"la oyunla bağlı da fikirlərini bildirib: "Hazırda "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridi. Bu komanda oyun tərzilə seçilir, onlar topa nəzarət etməyi xoşlayırlar. Təbii ki, bizə çox çətin olacaq, ancaq "İnter" bütün oyunlara yalnız qələbə üçün çıxır. Buna görə də, "Qarabağ"a qalib gəlməyə çalışacağıq".
Xəyal Quzanlıdakı oyunun onlar üçün çətin olacağını bildirib: "Oyunun Quzanlıda keçirilməsi "Qarabağ" üçün əlavə üstünlük olacaq. Orada tribunalar dolu olur və belə şəraitdə qonaq komandalara oynamaq çox çətindi. Lakin yüksək yerlər uğrunda oynayan peşəkar komandalar üçün stadion faktoru böyük rol oynamamalıdı. Biz istənilən şəraitlərdə qalib gəlməliyik".
Futbolçu komandasının məqsədlərindən də danışıb: "Komandamızın məqsədləri həmişə olduğu kimi yüksəkdi. Mən istər çempionatda, istərsə də kubokda qələbə qazanaraq mükafat əldə edəcəyimizə ümid edirəm. "İnter" mütləq avrokuboklarda oynamalıdı".