Azərbaycan yığmasının və "İnter”in müdafiəçisi Vladimir Levin müsahibəsində Albaniya ilə yoldaşlıq oyunundan (1:0), eləcə də qarşıdan gələn "Union Berlin”lə görüşdən danışıb.
- Albaniya ilə oyunu necə qiymətləndirərdiz? - Bu görüş bizim xeryimizə bitdi. Fikrimcə, çox yaxşı nəticəyə nail olduq. Hər halda oyun səfərdə keçirilirdi. Rəqib də kifayət qədər ciddiydi. Onların heyətində İtaliya, Almaniya, Yunanıstan çempionatında çıxış edən futbolçular yer alır. Odu ki, Albaniya ilə oyunun nəticəsindən çox razı qaldıq. Bəli, bəzi epizodlarda bəxtimiz də gətirdi. Amman mən nəticədən razıyam. - Qoldan sonra müdafiəyə oturmağınız məşqçilərin tapşırığı idi, yoxsa? - Bu, futbolçularımızın psixologiyasından irəli gələn bir şey idi. Əgər qol vurursansa, artıq qələbə hesabını əldən vermək istəmirsən. Buna görə də müdafiəyə oturduq. Oyunun əvvəlində çox yaxşı təsir bağışlayırdıq. Görünür, rəqib bizi ilk dəqiqələrdən qiymətləndirməmişdi. Əlbəttə, onlar bu görüşün favoriti idilər. Belə nəticəni də gözləmirdilər. - Müdafiəmizdə çoxlu səhvlər də olurdu və siz də daxil olmaqla bir neçə epizodda topu qapı xəttindən çıxarmalı oldunuz. Sizcə, bu, nədən irəli gəlirdi? - Sonuncu dəfə mən Ruslan Abışovla 2009-cu ildə Çexiyanı 2:0 hesabıyla yendiyimiz görüşdə müdafiədə tandem təşkil etmişdim. Prinsipcə, bu dəfə də hər şey normal idi. Bir-birimizi başa düşürdük. Heç də hər şeyin pis olduğunu düşünmürəm.
- Albaniya ilə oyundan sonra Berti Foqts siz də daxil olmaqla bəzi oyunçuları heyətdən çıxarıb, gəncləri çağırdı. Bu, sizə təsir etmədi? - Qətiyyən. O, özü bizə yaxınlaşdı və bildirdi ki, bizi Bakıya göndərir. Dedi ki, sizin hər birinizin nəyə qadir olduğunuzu bilirəm və buna görə narahat olmağınızı istəmirəm. Sadəcə, mənə yeni futbolçuları da sınamaq lazımdı. Çünki növbəti tsiklə indidən hazırlaşmaq lazımdı.
- Sizcə, "Union Berlin”lə oyun yığmaya lazımdı? - Niyə də yox? İstənilən rəqib çox vacibdi. Rəqibimiz də çox yaxşıdı. Yığma olmasa da, hər halda ikinci Bundesliqa təmsilçisidi. - İstənilən halda yığma üçün hansısa ölkənin ikinci çempionat iştirakçısına qarşı mübarizə aparması normal qarşılanmır... - Ola bilər. Amma yaxşı ki, belə rəqib də olsa, var. Onların layiqli komandası var. Hesab edirəm ki, yeniləri də sınaqdan keçirmək üçün bu, ən yaxşı variantdı.
- Hələlik yığmamız səfər qələbələrini ancaq yoldaşlıq oyunlarında qazanır. Bəs, bu uğuru rəsmi oyunlarda nə vaxt qazanacağıq? - Düzünü deyim, bilmirəm. Bu suala cavab da verə bilmirəm.
- Berti Foqstun müqaviləsinin müddəti başa çatır. Sizcə, onu saxlamaq lazımdı? - Bu, mənim işim deyil. Belə şeylərə mən qərar vermirəm.
azerisport.az
|