"Oyunboyu hücum edib qol vurmaq istədik. "Simurq" da sona qədər mübarizə apardı. Ona görə də, oyun çox çətin keçdi. Rəqibin bütün komanda ilə müdafiə olunmasına baxmayaraq, biz qol vurub matçdan qələbə ilə ayrıla bildik. Qələbə qazandığımıza görə sevinirəm".
Bu sözləri "İnter"in müdafiəçisi Valeri Abramidze Premyerliqa.az-a açıqlamasında dedi.
"Simurq" oyununun ikinci hissəsində başla topu qapıdan keçirərək komandasına qələbə qazandıran müdafiəçi qol vuracağını gözləmədiyini dedi: "Oyuna qələbə üçün çıxmışdıq. Hər bir futbolçu da qələbəyə köklənmişdi. Ancaq açığı qol vuracağımı gözləmirdim. Topun mənə tərəf gəldiyini gördüm, ancaq qolkiper topa birinci çatdı. Buna baxmayaraq mübarizəmi davam etdirib topu qapıdan keçirdim. Əsas odur ki, komandamız üç xalı qazandı. Vurduğum qolla komandaya qələbə qazandırmağım mənə əlavə stimul verir".
Gürcüstanlı futbolçu ötənilki heyətlə hazırkı kollektivi müqayisə də etdi: "Ötən il komandada Dmitri Kruqlov, David Odikadze kimi futbolçular çıxış edirdi. Onlar komandadan ayrıldılar. Bu da təbii ki, komandanın oyununa təsir edib. Baş məşqçi də onların əvəzinə gənc futbolçulara güvənir. Həmin gənclər də komandaya kömək olmağa çalışırlar. Biz də onlara dəstək oluruq".
Abramidze komandadakı əsas çatışmamazlığın hücum xəttində olduğunu bildirdi: "Kollektiv yaxşı vəziyyətdədir. Sadəcə yaranan real qol epizodlarından yararlana bilməməyimiz bizi düşündürür. Gərək həmin epizodlardan lazımınca yararlanaq".
Dünən "İnter"lə oyunda 90 dəqiqə meydançada olan Robertas Poşkus rəqib qapısı qarşısında o qədər də təhlükəli oyun sərgiləyə bilmədi. Bunun səbəbi də Valeri Abramidzenin litvalı futbolçunu meydanın hər qarışında addım-addım izləməsi idi: "Poşkusla eyni komandada çıxış etmişik. Bu səbəbdən onun müsbət və mənfi cəhətlərini bilirdim. Əsasən müsbət cəhətlərinin qarşısını alıb, ona qapımız qarşısında təhlükəli olmamasına çalışdıq."
"Çempionluq uğrunda oynayacaq gücümüz var. Qarşıdakı oyunlarda daha uğurlu nəticələr qazanacağımıza əminəm"- deyə Abramidze fikirlərini tamamlayıb.
|