"İnter”in kapitanı Vladimir Levin "Neftçi” ilə (2:1) keçirilən oyun barədə danışdı, bu komanda ilə gözlənilən qarşılaşma haqqında fikirlərini açıqladı və digər suallara cavab verdi. -Vladimir, şənbə günü "Neftçi” ilə keçirilmiş oyun barədə nə deyə bilərsiniz? -Biz ona görə məğlub olduq ki, kobud səhvlərə yol verdik. Məhz mənim səhvimdən sonra qapımıza erkən qol vuruldu və bir qədər sonra yenə də öz səhvimizdən ikinci qolu buraxdıq. Sonra oyunun gedişini dəyişmək çox çətin oldu, ancaq bununla belə fasiləyə qədər bir qolun əvəzini çıxa bildik. Lakin ikinci hissədə imkanlarımızdan yararlanmaq bizə müyəssər olmadı. -Son oyunlarda "İnter”ə hissələri uğurla başlamaq müyəssər olmur. Belə ki, çempionat çərçivəsində "Neftçi” ilə keçirilən hər iki qarşılaşmada komandamız erkən qollar buraxdı. Bundan başqa, "Xəzər-Lənkəran” ilə ilk kubok oyununun ikinci hissəsinin uğursuz başlanğıcını da xatırlamaq olar. Bunu nə ilə əlaqələndirmək olar? -Yəqin ki, bunu konsentrasiyanın çatışmazlığıyla izah etmək olar. Amma hər şey təsadüfün işidir, necə deyərlər, meydan düz, top yumru, futbolda hər şey olur. Bunun səbəblərini izah etmək çətindir. -Artıq sabah "İnter” kukok oyununda "Neftçi” ilə qarşılaşacaq. Qarşıdakı matç barədə nə düşünürsünüz? - Oyuna diqqətlə hazırlaşırıq. 3 gün öncə keçirilmiş oyun haqqında xatirələr hələ yaddaşlarımızda yaşayır. Düşünürəm ki, məşqçilər heyəti bizə səhvlərimizi və nədə artırmaq lazımdır olduğunu göstərəcək. Biz artıq çempion olmaq şansımızı praktiki olaraq itirmişik və buna görə kuboku qazanmaq istəyirik. Bizə toparlanmaq və mövsümün qalan oyunlarını, istər çempionat, istərsə kubok matçlarını var gücümüzlə keçirmək lazımdır. -Avropaya düşmək üçün hansı yol daha asandır? Kubok, yoxsa çempionat? "İnter”in avrokubok turnirlərinə düşmək şanslarını necə dəyərləndirirsiniz? -Hər hansı proqnoz vermək istəmirəm. Hesab edirəm ki, hoppanmadan "hop” deməyə dəyməz. Bu mövzu ilə əlaqədar ancaq mövsümün sonunda danışa bilərəm. Amma indi öncədən fikir bildirmək istəmirəm. -Son zamanlar "İnter” xoşagəlməz nəticələrlə qarşılaşır. Necə düşünürsünüz, bunun səbəbləri nədədir? -Nəzərimcə, bunun bir çox səbəbi var. Haradasa geniş ehtiyat skamyamız çatışmır, haradasa uğursuzluqla qarşılaşırıq. Əvvəllər çox az qol buraxırdıq, ancaq son zamanlar çox qol buraxmağa başlamışıq. Bir sözlə, buna yalnız bir səhv gətirib çıxara bilməz. Bundan başqa, hazırda biz kifayət qədər sıx qrafiklə oynayırıq ki, bu da, əlbəttə ki, öz təsirini göstərir. Lakin ədalət naminə qeyd etməyə dəyər ki, digər klublar da belə sərt qrafiklə çıxış edirlər. Amma bununla belə biz cəhd edirik. Nəzəri məşğələlərdə səhvlərimizi daha yaxşı araşdırmağa çalışırıq və takriki tapşırıqları daha dəqiq yerinə yetirməyə cəhd göstəririk. Çox az vaxt qalıb və tərəzinin gözünü xeyrimizə dəyişdirməyə çalışacağıq.
|