Kaxaber Tsxadadze "İnter"i vətəninə aparır. Bank klubu Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək "İnter" - "Bakı" qarşılaşmasından sonra təlim-məşq toplanışı keçimək məqsədilə Gürcüstanın paytaxtı Tiflisə yollanacaq. Avqustun 25-dən sentyabrın 4-dək davam edəcək toplanışın gedişində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulur. Rəqiblərin adları və matçların vaxtı hələlik məlum deyil. Qeyd edək ki, "İnter"in Premyer Liqanın IV turu çərçivəsində avqustun 27-də "Sumqayıt"la keçirməli olduğu oyun rəqibin bir futbolçusunun milli komandalara çağırılması səbəbindən təxirə salınıb. Bu səbəbdən "bankirlər" "Bakı" matçından sonra bir də sentyabrdakı milli oyunlardan sonra sentyabrın 10-da meydana çıxacaq.