Kaxaber Tsxadadze çox maraqlı taktika seçmişdi. 5-2-2-1 sxemində 3 mərkəz müdafiəçisi – Assioli, Abramidze və Levin mübarizə aparırdı. Cinah müdafiəçiləri (solda Kandelaki, sağda Daşdəmirov) hücum zamanı cinah yarımmüdafiəçisi funksiyasını yerinə yetirirdilər. Çervenko ilə yeni transfer Niasse dayaq yarımmüdafiəçisi mövqeyində yer almışdılar. İrəlidə tək hücumçu Baçana Tsxadadze mübarizə aparırdı. Nizami Hacıyevlə Petar Zlatinov isə mərkəzdən Baçanaya dəstək verməli idilər.
Tsxadazenin bu taktikasını kifayət qədər uğurlu saymaq olar. Məhz bu sistem nəticəsində "İnter” rəqibin cinah hücumlarını asanlıqla zərərsizləşdirə bilirdi. Üstəlik, cinah müdafiəçiləri tez-tez "irəli-geri” hərkət etməklə rəqibə başağrısı olmağa çalışırdı. Taktikanın "əsas silahı” rolunu isə Nizami ilə Zlatinov oynamalı idilər. Onlar cinahlardan yox, məhz mərkəzdən qəfil "Qəbələ”nin cərimə meydançasındakı boş zonalara açılmalı və zərbə mövqeyinə çıxmalı idilər. Tsxadadze bunu çox yaxşı düşünsə də, təəssüf ki, futbolçular onun tapşırığına tam əməl edə bilmirdilər. Əminliklə söyləyə bilərəm ki, əgər "İnter”in futbolçuları bu taktikaya tam əməl edə bilsəydilər, "Qəbələ”ni çox rahatlıqla yenə bilərdilər. Çünki maraqlıdır ki, "İnter”in yeganə qolu da məhz belə bir epizoddan sonra vuruldu: ani ötürməylə Petar Zlatinov "Qəbələ”nin cərimə meydançasında boş mövqeyə açıldı və topu qəbul etdiyi anda rəqib müdafiəçi onu yıxmağa məcbur oldu. Nəticədə isə Assioli penaltini dəqiq yerinə yetirərək, komandasını hesabda önə çıxardı. Bundan sonra isə Tsxadadzenin yetirmələri daha çox müdafiəyə diqqət yetirmələklə son 2 matçda olduğu kimi, yenə də minimal hesablı qələbəyə ümid edirdi...
Hesabda geri düşdükdən sonra isə Tsxadadze komandasının oyununu gücləndirmək üçün bir neçə cəhdə əl atdı. O, əvvəlcə zəif təsir bağışlayan Nizaminin yerinə Elnur Abdulovu buraxdı. Daha sonra isə hücumda "yeni nəfəs” yaratmaq məqsədilə Baçananı Krastovçevlə əvəzlədi. Lakin bu dəyişikliklər komandaya o qədər də kömək etmədi. Zlatinovun Xəyal Mustafayevlə əvəzlənməsini isə sırf bolqar futbolçunun yorğunluğu ilə əlaqələndirmək lazımdır.
Ümumilikdə Kaxaber Tsxadadzenin taktiki planda rəqibini xeyli üstələdiyini və rəqibə qarşı maraqlı taktika fikirləşdiyin qeyd etməliyəm. Sadəcə, problem ondadır ki, gürcü məşqçinin əlində lazımi "material” yoxdur. Qış "transfer pəncərəsi” dövründə rəhbərlik transferlərə daha çox məbləğ ayırsa, "İnter” çempionluğa ən ciddi namizədə də çevrilə bilər. Samir Akifoğlu, Taktika.az
|