"Heyətin tam formalaşdığını demək olmaz" "İnter"in əvəzedici komandasına baş məşqçi təyin olunan Tofiq Mustafayevin klubun rəsmi saytına müsahibəsi - "İnter"ə təyinatınızı necə qarşıladıniz? - Mənə etimad göstərdiklərinə görə ilk növbədə əsas komandanın baş məşqçisi Kaxaber Tsxadadzeyə və onun köməkçilərinə, o cümlədən klubun prezidenti Georgi Nikolova və komandanın direktoru Müzəffər Novruzəliyevə təşəkkürümü bildirmək istəyirəm. Doğrusu, təyinat mənim üçün bir qədər gözlənilməz oldu. Ona görə ki, "İnter"də 6 aydı çalışırdım. 1996-cı il təvəllüdlü futbolçularla işləyirdim. Bilirsiniz ki, çalışdırdığım komanda bu mövsüm Azərbaycan çempionatında 3-cü yeri tutdu. Əməyimlə bu etimadı doğrultmağa çalışacağam.
- Komandanın hazırlıq prosesi necə gedir? - Sualınıza yenə də təşəkkür etməklə başlayacağam. Təlim-məşq toplanışı keçirilməsi üçün belə bir şərait yaratdığına görə klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Prosesə iyun ayının 27-də Bakıda start verdik, 4 gün yüngül məşqlər oldu. Ayın 30-da məşq etdikdən sonra Qusara yollandıq. Gün ərzində 3 dəfə məşq keçirik. Səhər məşqini də nəzərə alıram. Birinci mərhələdə fiziki hazırlığa xüsusi diqqət ayırırıq. Onu da deyim ki, uşaqlar həvəslə çalışırlar. "İnter"in 1994-cü il təvəllüdlü futbolçularının bəziləri də hazırda baxışdadı və bəyəndiyimiz futbolçuları komandada saxlayacağıq.
- Burada yerli komandalarla oynamağı planlaşdırırsınızmı? - Bəli, ayın 12-də "Şahdağ"la yoldaşlıq matçı keçirməyi planlaşdırırıq. Ancaq bundan öncə, yəni iyulun 6-da "İnter"in Xaçmaz futbol bölməsinin yetirmələrilə qarşılaşacağıq. Bu matç saat 11.00-da baş tutacaq. Elə həmin gün saat 18.15-də Qusarın 20-21 yaşlı futbolçulardan ibarət rayon komandasıyla da görüşməyi planlaşdırırıq. Bu iki yoldaşlıq oyunundan sonra seçimimizi aparacağıq.
- İkinci təlim-məşq toplanışını harada keçirməyi nəzərdə tutursunuz? - Digər variantlar da vardı, lakin çox güman ki, ikinci toplanış Bakıda keçəcək. Bakıda təlim-məşq toplanışı zamanı yoxlama oyunlarını təşkil etmək bizə çətin olmayacaq.
- Demək olarmı ki, komandanın heyəti tam formalaşıb, yoxsa yeni futbolçuları baxışdan keçirəcəksiniz? - Yox, heyətin tam formalaşdığını demək olmaz, çünki təlim-məşq prosesi davam edir və əsas heyətdə hansı futbolçuların oynayacağı hələlik bilinmir. İkinci toplanış prosesində də yeni futbolçuları nəzərdən keçirəcəyik və bundan sonra heyətin tam formalaşması barədə danışmaq olar.
|