Главная » 2010 » Noyabr » 2 » Sxadadze: “Bu, tamamilə yalandır” (MÜSAHİBƏ)
18:20 Sxadadze: “Bu, tamamilə yalandır” (MÜSAHİBƏ) |
Son ölkə çempionu "İnter”in çalışdırıcısı Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Q - "Simurq”la matç barəsində danışardınız? Oyunun keyfiyyətindən razı qaldınızmı? - Komandaların səviyyələri arasında böyük fərq vardı. Bunu oyundan da görmək olardı. Biz oyuna nəzarət edə bildik. Oyunun təşkilindən razıyam. Bu gün oyunu araşdırdım və komandamızın yaratdığı düz 10 qol vəziyyətini sadaladım. Buna baxmayaraq, oyun 1:0 hesabıyla başa çatdı. Əlbəttə ki, bundan razı qalmadım. Mənim hücum planında oynayan oyunçulara böyük iradım var. Bununla bağlı mütləq danışacağıq və bu məsələ üzərində işləyəcəyik. AZAL ilə uğursuz oyun istisna olmaqla, keçirdiyimiz 10 qarşılaşmada cəmi 3 qol buraxmışıq. Bu, komandamızın gücündən və etibarlı müdafiəsindən xəbər verir. Özü də əsas futbolçuların zədələnmələri üzündən tez-tez yerdəyişmələrə əl atdığımız halda belə nəticəyə nail olmuşuq. Amma hücumda hər şey heç də yaxşı deyil. 11 oyunda cəmi 9 qol vurmuşuq. - Belə aşağı realizasiyanı nə ilə əlaqələndirirsiniz? - Bilmirəm. Hər şeydən əlavə burada həm bəxt, həm də uğur faktorları mövcuddur. "Simurq”la qarşılaşmada top inadla qapıdan keçmirdi. Burada söhbət heç də futbolçuların səviyyəsindən getmir, səviyyə ilə bağlı onlara iradım yoxdur. Onların hamısı kifayət qədər usta futbolçulardır, sadəcə, uğur bizdən üz döndərib. - Bəs, zədələrlə bağlı vəziyyət necədir? - Son zamanlar bu problem bizi bərk narahat edir. Özü də onlar sadə əzələ zədələri deyil, bununla bağlı şikayətimiz yoxdur. Çox hallarda zədələr baldırla pəncəni birləşdirən hissələrdə baş verir. Bu, bizi çox narahat edir. Biz komandaya çox yaxşı öyrəşən və nə istədiyimi tez anlayan qiymətli oyunçi Filip Despotovskini itirdik. - Çempionatın birinci dövrəsi başa çatdı. Nəticələri necə qiymətləndirirsiz? - Səmimi deyəcəm, "Gəncə” və AZAL ilə oyunlarda məğlubiyyət bizim üçün tamamilə gözlənilməz oldu. Bundan başqa, etiraf etməyə bilmərəm ki, "Neftçi” bizi bütün hallarda üstələdi. Ümumilikdə sadaladığım problemləri, yəni ilk növbədə zədələri və zəif realizasiyanı nəzərə almasaq, birinci dövrə heç də pis alınmadı. - Oyunsonrası mətbuat konfransında baş vermiş xoşagəlməz hadisəyə toxunmamaq olmur... - Mən anlayıram ki, məşqçiləri tənqid etmək olar, lakin tənqid obyektiv olmalıdır. Həmin jurnalist başlanğıcdan kifayət qədər aqressiv köklənmişdi. O, oyuna tamamilə aidiyyatı olmayan futboldan kənar suallar verdi. Bu isə ciddi deyil! O, Hacıyevskidən soruşdu ki, nəyə görə "Simurq”un "İnter”dən icarəyə götürdüyü 4 futbolçu meydana çıxmadı. Hacıyevski onun səhvini düzəldərək, 4 yox, 3 futbolçu dedi. Axı, Əli Bağırov oyunda iştirak etmişdi. Mən gülümsəyərək belə dedim: "Siz hətta protokolla tanış olmadan oyunu araşdırmağa gəlmisiz”. Sonra soruşmağa başladı ki, "Orada kimsə nəsə deyir” və s. və i. Mən də cavab verdim: "Cavan oğlan-bu, ciddi deyil”. Hamı deyir ki, mən tənqidi anlamıram, amma bu, belə deyil. Bəs, onlar tənqidi necə qəbul edirlər? Bəyəm, bu normaldır ki, jurnalist heyətdə kimin oynadığını bilmir? Bundan başqa, hadisə ilə bağlı deyilənlər tamamilə yalandır. Allaha şükür, mətbuat konfransında mənim sözlərimi lentə alan kameralar var. Baş vermiş hadisəni doğrudan da araşdırmaq istəyən şəxs varsa, lentə baxa və məsələyə aydın qiymət verə bilər.
mənbə inter.az
|
Категория: Müsahibələr |
Просмотров: 387 |
Добавил: fanatik
| Рейтинг: 0.0/0 |
|