"İnter"lə yollarını ayıran Robertas Poşkus "Simurq"la 1 illik müqavilə bağlayıb. Bu gün Zaqatala təmsilçisinin düşərgəsinə yollanan litvalı hücumçu "bankirlər"lə niyə ayrıldığına da aydınlıq gətirib. Əslində, klub rəhbərliyi və baş məşqçi futbolçunu təlim-məşq toplanışına vaxtında qatılmadığını əsas gətirərək onu komandada saxlamaq istəmədiklərini bildirmişdilər.
- "İnter"dən niyə getdin? - Əslində, komandada qalmaq istəyirdim. Lakin baş məşqçi mənə ehtiyac duymadı. Məni istəmədikləri yerdə heç zaman qalmaram.
- Kaxaber Tsxadadzenəyə görə sənə ehtiyac duymadı? - Onu mən də başa düşmədim. Onun məni bəyənməməsinə yalnız bir əsası ola bilər. "İnter" təlim - məşq toplanışına gedəndə baş məşqçidən şəxsi problemlərimlə bağlı 4 günlük icazə vermədi. Kaxaber buna razılıq vermədi. Halbuki, yenə təkrar edirəm ki, ailə məsələləri ilə bağlı problemim var idi. Ondan sonra baş məşqçinin mənə münasibəti dəyişdi.
- Baş məşqçinin sözlərinə görə təlim-məşq toplanışına vaxtında vaxtında qoşulmadığın, nizam - intizama riayət etmədiyin üçün səni komandadan kənarlaşdırıb. - Necə ola bilər ki, təlim - məşq toplanışına gedəndə baş məşqçi siyahıya mənim adımı salmadı. Kaxaber Tsxadadze yalan danışır. Yenə də təkrar edirəm ki, səfər ərəfəsində toplanışa 4 gün gec qoşulmaq üçün ondan razılıq istədim. Ondan sonra baş məşqçi ilə münasibətlərim korlandı. Sonra da cəza tətbiqi olaraq, əvəzedici heyətə göndərmək istədilər. Bunu qəbul edə bilməzdim. Bundan sonra "Simurq" variantı ortaya çıxdı.
- Nədənsə, "Simurq"a da transferin yubandı. Məgər "İnter" razılıq vermirdi? - Belə deməzdim. Klub rəhbəri ilə görüşüb onların razılığını aldım. Georgi Nikolov qarşı tərəfdən mənim transferimlə bağlə rəsmi təklif gözləyirdi. Qısa zamanda "Simurq" məsələni yoluna qoyub məni heyətinə qatdı. Artıq klubla bir illik müqavilə bağlamışam.
- "Turan"la oyunda səni meydanda görə biləcəyik? - Baş məşqçi Sergey Yuran da oynamağımı istəyir. Amma komandaya uyğunlaşmadığım üçün bu, bir qədər çətin olacaq. Ola bilsin ki, meydana çıxım.
- "İnter" - "Bakı" matçını izlədin? Bu oyunda baş verən hadisələrə münasibətin necədir? - Belə baxanda, "İnter" "Bakı"dan daha yaxşı oynadı. Hiss olunurdu ki, "İnter" mübarizə aparır. Penalti məsələsinə gəlincə, Georgi Lomaya açıq ayaqla rəqibə qarşı kobud oynamışdı. Hakimin penalti qərarı da doğru idi. Heç bir yerdə qapıçı açıq ayaqla topa çıxmır. "İnter" gərək meydanı tərk etməyəydi.
- Bu turdan sonra "Simurq"un heyətində keçmiş komandana rəqib olacaqsan. Özünü göstərməyə çalışacaqsan? - Artıq bir hücumçu kimi özümü sübut etmişəm. Bu oyuna ciddi hazırlaşacam. Kaxaber Tsxadadzeyə bir daha sübut edəcəyəm ki, "İnter"də oynamağa layiq idim. Onda bir hücumçu kimi nəyə qadir olduğumu görəcək.
- Cari mövsümdə "Simurq"dan hansı nəticəni gözləyirsən?
- Heyətdə gənc oyunçular çoxdur. Təcrübəsiz olsalar da, sona qədər mübarizə aparırlar. "Bakı" ilə oyunda göstərdilər ki, komanda nəticə əldə edə bilər. Sadəcə hücumda vuran ayaq yoxdur. Məhz bu səbəbdən də baş məşqçi Sergey Yuran məni "Simurq"a dəvət etdi. Onun etimadını doğrultmağa çalışacağam.
premyerliqa.az
|