"Berti Foqts deyir ki, siz stabil oynayın, mən dəvət göndərəcəm""İnter"in futboçusu Samir Zərgərov Premyerliqa.az saytına müsahibə verib. - Yeni ili harada qarşıladın? - Uşaqlıqdan bu yana yeni ili həmişə doğma rayonum Göy-Göldə qarşılamışam. - 2011-ci il sənin üçün necə yadda qaldı? - Ötən il bir çox məqamlarla yadda qaldı. Milli komandaya dəvət olunmağım, "Kəpəz"in heyətində uğurlu çıxışım və bunun da nəticəsində "İnter"ə keçdim. Ən pis hadisə isə "Neftçi" ilə ilk dövrədəki oyunda baş verdi. Karyeramda ilk dəfə idi ki, qırmızı vərəqə aldım. Həmin oyuna kimi meydandan qovulmamışdım. - Yeni ildə Şaxta babadan nə hədiyyə almaq istərdin? - Şaxta baba indiyə qədər mənə hədiyyə verməyib. Ancaq dadlı şokolad versə, yaxşı olardı. - 2011-ci ili "İnter" üçün necə dəyərləndirərdin? - Baxımlı futbol oynayıb, uğurlu nəticələr qazandıq. İli qış çempionu kimi də başa vura bilərdik. Deməli qismət deyilmiş. Mən özüm də əlimdən gələni etdim. İndi də turnir cədvəlinin üst pillələrindəyik. Çempionluq şansımız da qalır. - Milli komandanın heyətinə cəlb olunsan da, sonradan dəvət gəlmədi. DÇ-2014-ün seçmə mərhələ oyunlarına cəlb olunacağına inanırsan? - Berti Foqts deyir ki, siz stabil oynayın mən dəvət göndərəcəm. Mən də çalışıram ki, "İnter”in əsas heyətində yer alım. - Sabiq klubun "Kəpəz"də baş verənlərə münasibətin necədir? - Xəbəri eşidəndə mən də üzüldüm. "Kəpəz" kimi komanda dağılmalı deyil. Gəncə böyük futbol ənənəsi olan şəhərdir. İndinin özündə də futbolçular yetişdirməkdədir. İnşallah belə qalmaz və hər şey düzələr. - 2012- ci ildən nə gözləyirsən? - "İnter"in qızıl medallara sahib çıxmasını istəyirəm. Milli komandanın daimi üzvü olmağı üçün çalışacam. Azərbaycan futbolunun da uğurlar qazanmasını arzulayıram.
|