"İnter”in yarımmüdafiəçisi Samir Zərgərov azerisport.az saytına müsahibəsində komandasının qış fasiləsinə qədərki çıxışını və gələcək şanslarını dəyərləndirib. O, öncə bunları dilə gətirib:
"Geridə qalan 18 tur demək olar ki, bizdə pis alınmadı. Artıq 14 oyundu məğlub olmuruq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşmışıq. Bütün bunlar ancaq müsbət amillərdi. Əgər bu tempdə davam etsək, "İnter”in məğlubiyyətsiz seriyası 2012-də də hələ çətin qırıla”. Məlum olduğu kimi, çempionatın 3-cü turunun "Bakı” ilə oyunundan sonra "bankirlər” texniki məğlubiyyət aldılar. Zərgərovun sözlərinə məhz həmin olaylar sonrakı uğurların qazanılması yolunda onlar üçün əsl stimul oldu: "Həmin oyundan sonra hətta meydandan çıxmağımıza təəssüfləndik. Mən əminəm ki, "Bakı” o penaltini dəyərləndirə bilməyəcəkdi. Nəticədə biz də özümüzə bir xalı təmin etmiş olacaqdıq. Həmin texniki məğlubiyyət olmasaydı, "Neftçi”ylə aramızdakı 1 xal fərqi də olmazdı”. Yarımmüdafiəçi 18-ci turun "Simurq”la oyunundakı qalmaqala da toxunub: "İnter”in meydanı tərk etməsinə görə hansı aqibətlə üzləşməsini hamı gördü. Ondan sonra mən başqa hansısa komandanın eyni aqibəti yaşamasını arzulamırdım. Yaxşı ki, "Simurq” da meydanı tərk etmək fikrindən daşındı. Çünki buna ehtiyac da yox idi. Hər halda biz qollarımızı vurmuşduq, 3 xalı təmin etmişdik. Həmin oyun çox gərgin alındı. Maraqlı oyun idi. Həmin turda "Neftçi”nin xal itirməsini çox arzulasaq da, təəssüf ki, onlar zirvəni əldən vermədilər”. Paytaxt klubundakı öz çıxışını dəyərləndirərkən, Zərgərov bunları qeyd edib: "Mən mövsümün əvvəlində "İnter”ə gələndə zədə aldım. Buna görə Premyer Liqanın startında bir neçə tur oynaya bilmədim. Bundan sonra dörd oyunluq diskvalifikasiya gəldi. Bu üzdən daha bir ay yaşıl meydanlardan kənar qaldım. Amma məhz həmin qırmızı vərəqə məni daha məsuliyyətli olmağa vadar etdi. İndi daha çox məşq etməliyəm ki, özümə əsas heyətdə yer qazanım. Ordakı yerini qorumaq daha vacibdi. "İnter”lə çempion olmaq istəyirəm”.
|