"İnterin yarımmdafiəçisi Samir Zərgərov saytımıza müsahibəsində "Xəzər-Lənkəran”la keçirilən oyun barədə danışdı və "Qəbələ” ilə baş tutacaq matç haqqında fikirlərini bölüşdü.
-"Xəzər-Lənkəran”la səfər oyunları həmişə ağır sınaqdır... -Bəli, bu fikirlə tam razıyam. Fikrimcə, "Xəzər-Lənkəran”la səfər oyunu mövsümün ən çətin qonaq qarşılaşmasıdır. Bazar günü də belə oldu. Bizə çox çətin idi. -Bununla belə, komandaya qələbə qazanmaq müyəssər oldu... -Bəli, ən əsası da budur. Biz oyun boyu müdafiədə diqqətlə oynadıq və uğurlu əks-hücumlar təşkil etdik. Göstərdiyimiz fədakarlığa görə oyunun sonunda vurulmuş qolun timsalında mükafat qazandıq. Ev sahibləri belə dönüşü gözləmirdilər və artıq oyunu xilas etmək onlara müyəssər olmadı. -Görünürdü ki, "İnter” lənkəranlıların oyun tərzini müfəssəl öyrənmişdi... -Biz bilirdik ki, Lənkəran klubu aqressiv davranacaq, axı 3 uğursuz oyundan sonra onlara qələbə lazım idi. Bundan əlavə, onlar evdə oynayırdılar və tribunalar onları yalnız irəliyə səsləyirdi. Baş məşqçi belə komandaya qarşı necə oynamağı başa salmışdı və bizə müvafiq göstərişlərini vermişdi. Biz inanırdıq ki, uğurlu nəticə əldə edə bilərik və bu inam bizə çox kömək etdi. -Ancaq oyunun sonunda tribanadan atılmış daşın Kaxaber Tsxadadzenin başına dəyməsi qələbə övqatını bir qədər təlx etdi... -Bu, çox pis hərəkət idi. Hesab edirəm ki, daş atmış şəxsi komandasının və ümumiyyətlə, futbolun azarkeşi saymaq olmaz. Bununla həmin şəxs nə əldə etdi? Bildiyimə görə, "Xəzər-Lənkəran” qarşıdakı iki ev oyununu tamaşaçısız keçirəcək və bütün bunlar bir adama görə baş verəcək. O, hamının əhval-ruhiyyəsini korladı və lənkəranlıları futbolsuz qoydu. -Belə matçları "6 xal uğrunda mübarizə” də adlandırmaq olar. Axı, komanda 3 xal toplamaqla yanaşı, həm də rəqib komandanı xalsız qoyur ki, bu da turnir cədvəlində böyük rol oynayır... -Bəli, yaxşı ki, bu xalları biz topladıq. Qələbə bizə ikinci yerə çıxmağımıza kömək etdi, lakin biz nail olduqlarımızla kifayətlənməyə hazırlaşmırıq və turnir cədvəlində 1-ci yerə yüksəlməyə çalışacağıq. -Qarşıda "İnter”i daha bir çətin səfər oyunu gözləyir. Bu dəfə komandamzın rəqibi "Qəbələ” olacaq. Bu matç barədə nə deyə bilərsən? - Bu qarşılaşma çox çətin olacaq. "Qəbələ” evdə kifayət qədər inamlı oynayır və qələbə qazanmaq üçün 100 faiz gücümüzü ortaya qoymalı olacağıq. -Bu oyunla bağlı proqnozun nədir?
-Bilirsiniz, əvvəlcədən nəyisə proqnozlaşdırmağı sevmirəm. Ancaq onu deyə bilərəm ki, əgər səfərdə "Xəzər-Lənkəran”ı məğlub etdiksə, o zaman "Qəbələ”yə də qalib gələ bilərik. inter.az
|