"Sumqayıt Şəhər" - "İnter" oyununda mübahisəli penalti epizodunun iştirakçılarından olan "İnter"in üzvü Şəhriyar Rəhimov həmin epizodla açıqlama verib.
"Həmin epizodda Emin Mustafayev məni bir metr qabaqlayırdı. Eminin məndən uzaqlaşdığını görüb, ona toxunmamağa çalışdım. Bunun üçün hətta əllərimi qaldırdım və dayandım. Yəni necə olur-olsun Eminə toxunmadım. Fikirləşdim ki, nəsə bir toxunuş olsa, hakim bunu qayda pozuntusu kimi qeydə alacaq. Kobud oynasam, qapımıza penalti təyin oluna biləcəyini də yaxşı başa düşürdüm.
Ona görə Eminə çatmayacağımı görüb, onu sərbəst buraxdım. Düşündüm ki, lap qapı qarşısına ötürmə də versə, müdafiəçilərimiz topu uzaqlaşdıracaq. Mən sadəcə əllərimi yuxarı qaldırıb dayandım. Emin də özünü yerə atdı.
Bəlkə də, ayağı ayağıma ilişib. Bircə onu dəqiq bilirəm ki, mən tərəfdən ona heç bir təmas və ya kobudluq olmayıb. Ona görə də, məncə, hakimin qərarı düzgün idi. Emin Musatafyevi də yaxşı tanıyıram. Olimpiya millisində bir yerdə oynamışıq. Həmin epizoddan sonra ona toxunmadığımı söylədim".
premyerliqa.az