"Püşkdən əvvəl potensial rəqiblərimizə baxanda, Estoniya təmsilçisi münasib rəqiblərdən biridir. Hər halda, Azərbaycan futbolu klub səviyyəsində Estoniyadan üstün sayılır”. Bu fikirləri "İnter”i İsveçrədə keçirilən Avroliqanın püşkatmasında təmsil edən baş meneceri Səbuhi Səfiyarlı deyib. Premyer Liqamızın bürünc medalçısı bu gün UEFA-da keçirilən püşkatmanın nəticəsinə görə Estoniyanın "Trans” klubuna düşdü. Səfiyarlı püşkü uğurlu saysa, rahatlaşmağa əsas görmür: "Avropada nəticə qazanmaq istəyən komanda belə rəqibə qarşı yaxşı futbol oynayıb, onu keçməlidir. Ancaq istənilən halda, ciddi rəqibə qarşı ciddi hazırlaşmalıyıq. İndidən yüz faiz mərhələ keçəcəyimizi demək özündən razılıq olardı. Onu demək olar ki, "Trans” "dişimizə” görə rəqibdir. Avrokuboklara çıxan bütün komandalar qarşı ciddi yanaşmaq lazımdır. Çünki futbolda hər zaman sürprizlər olur və bu, əvvəllər Azərbaycan klublarının başına gəlib”.
Məlum olduğu kimi, bütün komandalarımız ilk oyunlarını evdə keçirəcəklər. Ancaq "İnter”lə "Bakı” eyni gündə "Dalğa Arena”da oynadığından, mütləq dəyişiklik olmalıdır. Səfiyarlı bu məsələyə baxılacağını bildirdi: "Az sonra II təsnifat mərhələsinin püşkü atılacaq və adətən belə məsələlərə bundan sonra baxılacaq. O zaman toplantı olaraq, bir qərara gəlinəcək. Estoniyada həmin vaxtadək 16 yaşadək futbolçular arasında rəsmi oyunlar keçiriləcəyindən, orada da stadionlar boş olmayacaq”.
Mehman SÜLEYMANOV Apasport.az
|