"Hələlik yeni futbolçu ilə müqavilə bağlamamışıq. Komandamıza yalnız Əziz Quliyev gəlib ki, onunla tibbi baxışın nəticəsindən asılı olaraq, müqaviləni reallaşdıracağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında "İnter”in meneceri Səbuhi Səfiyarlı deyib.
Qış fasiləsinə 2-ci pillədə yollanan "bankirlər” artıq tam heyətlə hazırlığa başlayıblar. Məşqlərini "Şəfa” stadionunda keçirən komanda yanvarın 14-də Türkiyəyə təlim-məşq toplanışına gedəcək.
Səfiyarlı "Bakı” ilə yollarını ayıran Əziz Quliyevin düşərgədə olduğunu və milliləşdirilən sol cinah futbolçusunu Antalyaya təlim-məşq toplanışına aparacaqlarını bildirib: "Yeni transferlər etməyi nəzərdə tutmuşuq. Bunlar əsasən hücumameylli futbolçular olacaq. Yarımmüdafiə və hücum xəttini gücləndirmək fikrindəyik. Həmin mövqelərə legionerlər baxışa gələcək və onları sınaqdan keçirəndən sonra qərar verəcəyik. Detalları məsələlər dəqiqləşəndən sonra açıqlayacağıq. Hər halda, 2-3 transfer planlaşdırmışıq”.
Onun sözlərinə görə, qış fasiləsində komandadan gedənlər ola bilər ki, bunlar əsasən az oynayan futbolçulardır. Bu mənada braziliyalı müdafiəçi Danillo Assioli ilə latviyalı hücumçu Girts Karlsonun namizədliyi gündəmə gəlir. Hər halda, bu təcrübəli legionerlər "İnter”in əsas heyətlərində yerlərini artıq itiriblər və daha çox ehtiyatda qalıblar: "Onlarla yollarımızı ayırmağımız nəzərdə tutmamışıq. Assioli mərkəz müdafiəçisidir və həmin mövqedə az futbolçumuz var. Karlson isə vaxtilə icazə alıb evinə getdiyi zaman yıxılaraq, çiyini çıxmışdı. Bundan sonra müalicə prosesi keçən hücumçu hazır olaraq, məşqlərdə iştirak edir. Transferə çıxaracağımız futbolçu olmayacaq. Ancaq bəzi futbolçularımızla bağlı bizə müraciət edən klublar var və buna baxa bilərik. Bunlar az oynayan gənc futbolçularımıza aiddir ki, onları digər klublara icarəyə verməklə, oyun praktikası qazandıra bilərik”.
Qeyd edək ki, "İnter” ehtiyatda qalan təcrübəli qapıçısı Dmitri Kramarenkonu cari mövsümün sonuna kimi "Simurq”a icarəyə verib.
|