"İnter”in qapıçısı bizimlə söhbətində Səlahət Ağayev qarşıdan gələn "Simurq”la
matç barədə fikirlərini açıqladı və diskvalifikasiya edilmiş Giorgi Lomayanı əvəz
etmək şansı haqqında danışdı.
-Bu yaxınlarda "İnter” təlim-məşq toplanışı keçirdiyi
Gürcüstandan qayıdıb. Lakin sən Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət
olunduğundan həmin toplanışda iştirak etmədin...
-Bəli, toplanışda iştirak edə bilmədim. O vaxt mən
U-21 yığmasıyla İngiltərə matçına hazırlaşırdım. Gənclərdən ibarət milli komandaya
dəvət almaq mənə xoşdur. Hesab edirəm ki, əsas və ya gənclərdən ibarət milli komandalarda
çıxış etməkdən asılı olmayaraq, ölkənin şərəfini qorumaq böyük fəxrdir.
-Qarşıdakı "Simurq”la matç barədə nə düşünürsən?
-"Simurq” asan rəqib deyil. Bu komandada yaxşı
futbolçular cəmləşib, onların yeni məşqçisi var. Buna görə də, onlar çox güman
ki, oyunu özlərinə sərfəli nəticəylə başa
vurmağa çalışacaqlar.
-Məlumdur ki, əsas qapıçı Giorgi Lomaya iki oyunluq
diskvalifikasiya edilib. Bu o deməkdir ki, onu ya Dmitri Kramarenko, ya da sən əvəz
edəcəksən...
-Qeyd etmək istəyirəm ki, Kaxaber Tsxadadze özümü
göstərmək üçün mənə şans verərsə, ondan maksimum dərəcədə istifadə etməyə çalışacağam.
-Meydana çıxmağa hazırsan?
-Hazıram. İstər fiziki, istərsə psixoloji cəhətdən hazıram.
Yaxşı formadayam və səbrsizliklə meydana çıxmağı gözləyirəm.
-Yeri gəlmişkən, bu oyun sənin üçün "İnter”in heyətində
debüt matç ola bilər...
-Bəli, axı çempionatda "İnter” üçün hələ oynamamışam. Ötən mövsüm
MOİK-in heyətində meydana çıxmışam və indi də eyni addımı doğma "İnter”in
formasında atmaq istəyirəm.
|