İki-üç klubla danışıqlar gedir Son iki ildə "İnter"in qol silahlarından sayılan, 2009/10 mövsümündə çempionluğun qazanılmasında əsas pay sahiblərindən olan Robertas Poşkus hazırda klubsuzdu. Yayda təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə üz tutan "bankirlər"in heyətində 32 yaşlı hücumçunun adına rast gəlmədikdə az təəccüblənmədik. Sonradan məlum oldu ki, Kaxaber Tsxadadze litvalı forvardın xidmətində maraqlı deyil. Məsələnin kökündə isə heç şübhəsiz, futbolçunun intizamsızlığı durur. Ayrı-ayrı vaxtlarda düşərgəyə gec qoşulan Robertas baş məşqçini qəzəbləndirsə də, rəhbərlik onunla yolları ayırmağa tələsmirdi. Lakin Tsxadadzenin budəfəki qərarı daha sərt oldu. Ucaboy hücumçu hazırda Bakıdadı. Hətta Azərbaycan və Makedoniya yığmaları arasında baş tutan yoxlama görüşünü izləyənlər arasında o da vardı.
Bizsə Poşkusla əlaqə saxlayıb gələcək taleyi ilə maraqlandıq. Sən demə, Litva yığmasının sabiq üzvü yerli klubların maraq dairəsindədi: "İnter"də olduğum iki il ərzində özümü olduqca rahat hiss edirdim. Lakin baş məşqçi məni komandada görmək istəmədi. Onun qərarına hörmətlə yanaşıram. Bir şey dəqiqdi ki, mənim kiməsə yalvarmaq fikrim yoxdu. Hələ 32 yaşım var və oynamaq üçün özümdə yetərincə güc hiss edirəm. Hazırda Bakıdayam, fərdi qaydada məşq edib formada qalmağa çalışıram. Burda hər şey məni qane edir. Bu səbəbdən karyeramı Azərbaycanda davam etdirməkdə maraqlıyam. İki-üç klubla danışıqlar gedir. Qismət olsa, yaxın bir həftə ərzində hansısa komanda ilə müqavilə bağlayacam. Ancaq ad çəkmək istəmirəm. Alınmasa, xaricdən gələn təklifləri dəyərləndirəcəm. Əsas məqsədim hansı formada olduğumu və necə qollar vurduğumu məni bəyənməyənlərə göstərməkdi".
|