Məlum olduğu kimi, Azərbaycanın U-19 komandası Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün İsveçdədir. Dünən ilk matçında milli komandamız turnir sahiblərilə görüşüb və 0:1 hesabıyla qalib gəlib. Həmin matçın qəhrəmanlarından biri- Azərbaycan U-19 komandasının və "İnter”in futbolçusu Ramil Mansurov bizimlə söhbətində İsveçlə qarşılaşma barədə fikirlərini açıqladı.
"Oyun çox ağır keçdi, mən bütün matçı sağ yarımmüdafiəçi mövqeyində keçirdim. Qeyd edim ki, isveçlilər fiziki planda çox güclüdürlər, bundan başqa, skandinaviyalıların əlavə üstünlükləri onların evdə oynamalarında və azarkeşlərinin çılğın dəstəkləmələrindəydi. Biz qol vura da, buraxa da bilərdik. Matçın sonunda hesabı açmaq bizə müyəssər oldu və o zaman özümüzə inam daha da artdı. Uşaqlar böyük fədakarlıq nümayiş etdirdilər, futbolçularımız hər top uğrunda mübariz apardılar və sonadək oynadılar. Çox şadam ki, çıxışımıza qələbəylə başlamağı bacardıq, ümid edirəm ki, növbəti matçlar da bizim üçün uğurlu olacaq”.
|