Premyer Liqanın qışa qədərki dövrünün ən stabil komandası kimi şübhəsiz "İnter”i göstərmək olar. Paytaxt klubu 14 turdur məğlubiyyətin nə olduğunu bilmir. "Bankirlər” yalnız çempionatın əvvəlində itirdikləri xallara görə, hazırda liderlik kürsüsündə deyillər. Belə ki, "İnter” Quzanlıda "Qarabağ”a məğlub oldu, daha sonra Şüvəlanda AZAL-ın da müqavimətini qıra bilmədi. "Bakı” ilə məlum qalmaqal da onların passivinə yazıldı. Nəzərə alsaq ki, komandanın heyəti ötən mövsümlə müqayisədə bir qədər zəifləmişdi, o zaman heç kim "İnter”i çempionluğa namizəd saymırdı. Lakin təxminən 5-6-cı turdan etibarən əla forma yığan Kaxaber Tsxadadzenin komandası artıq 14 turdur uduzmur. "İnter” hazırda lider "Neftçi”dən cəmi 1 xal geri qalır. "İnter” həm də yeganə komandadır ki, "Neftçi” və "Xəzər Lənkəran”dan 12 xal almağı bacarıb. Düşünürük ki, Sxadadze qış fasiləsində heyətə 1-2 səviyyəli futbolçu da qatarsa, bu komanda çempionluğa ən real namizədlərdən biri olacaq.
|