Azərbaycan milli komandasının və "İnter"in futbolçusu Aleksandr Çertoqanov Bakı şəhəri Nərimanov rayon Yol Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Fanat.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib. 30 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, idarə etdiyi "BMW" markalı kupe tipli avtomobillə Təbriz küçəsindən Moskva prospektinə dönərkən, polis əməkdaşları maşını saxlayıblar. Onlar avtomobilin xətti tapdaladığını iddia edərək, Çertoqanovdan sürücülük vəsiqəsini tələb ediblər. Həmin vaxt maşında "İnter"in daha bir oyunçusu, Litva millisində çıxış edən Robertas Poşkus və Çertoqanovun yaxın dostu da olub. Avtomobil isə məhz futbolçunun dostuna məxsusdu. Futbolçular "İnter"in məşqinə yollanırmışlar. Çertoqanov sürücülük vəsiqəsinin yanında olmadığını bildirib. Polislər isə ondan sənədi gətirməsini istəyiblər. Futbolçu taksi ilə evinə yollanaraq, sürücülük vəsiqəsini gətirənədək polislər avtomobili buraxmayıblar. Bir müddət sonra problem həll olunub. Lakin Çertoqanovla Poşkus məşqə gecikiblər.
Lent.az
|