PFL prezidenti Ramin Musayev "İnter" - AZAL oyununda baş verən projektor qalmaqalı ilə bağlı qonaq komandanın etirazına münasibət bildirib. Musayev Premyerliqa.az saytına açıqlamasında etirazın əsassız olduğunu söyləyib. Görüşü tribunadan canlı izləyən PFL prezidenti oyun zamanı işıqlandırmanın normal səviyyədə olduğunu vurğulayıb:
"Həmin oyunda mən özüm də stdaionda idim. Necə olur ki, topu vuran görür, tutan görmür. Qol vuran futbolçu cərimə zərbəsindən ötürülən topu görür, ancaq AZAL-ın oyunçuları görmürlər. Bu, nə dərəcədə doğrudu? Həmin oyunda işıqlandırmanı qənaətbəxş hesab etmək olar. Burada hansısa etirazın yeri yoxdu. Ancaq hər halda əgər AZAL etiraz edibsə, buna baxılacaq".
Musayevin sözlərinə görə, qol epizodunda projektorun bilərəkdən söndürülməsi qeyri-mümkündü: "Əgər işıq sönsəydi, yəqin biz də bunu görərdik. Elə stadionlarımız var ki, işıqlandırma bundan qat-qat zəifdi. İşıqlandırmanın dərəcəsi var. Bu stadionu biz yox, UEFA, FİFA qəbul edib. Əgər qəbul olunubsa, biz necə deyə bilərik ki, burada oynamaq olmaz. Projektorları bilərəkdən söndürmək qeyri-mümkündü. Çünki bu barədə Respublika stadionunun direktoru Akif İsmayılovla söhbətlərimiz olub. Projektor söndürülərsə, onun əvvəlki vəziyyətinə qayıtması üçün ən azı 15-20 dəqiqə lazımdı. Ancaq "Şəfa" stadionunun işıqlandırılmasında bu qədər fasilə olmayıb. Ən azından mən belə şey görməmişəm".
|