"İnter”in yarımmüdafiəçisi Petar Zlatinov komandasının mövsümün qalan hissəsinə hazırlığından və hədəflərindən danışıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
"İstirahətimiz yaxşı keçib. Komandaya da yüksək əhval-ruhiyyədə qayıtmışıq. Artıq çalışmalara start vermişik. Hələlik Bakıda məşq etsək də, tezliklə Antalyaya yollanacağıq. Orda bir neçə yoxlama matçı da keçirəcəyik”. Bolqar yarımmüdafiəçi qarşıdakı sınaq oyunları ilə bağlı daha sonra bunları bildirib: "Rəqiblərimizin kimliyi barədə dəqiq heç nə deyə bilmərəm. Əsas odu ki, biz istənilən rəqiblə oyunda öz futbolumuzu sərgiləyə, məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirə bilək. Rəqiblərimizin hansı ölkədən olması, necə oynamaları da mənə maraqlı deyil. Bizim üçün hər şeydən önəmli olan yaxşı hazırlaşmaq və bu görüşlərdə ciddi zədə almadan istəyimizə nail olmaqdı”. Zlatinovun sözlərinə görə, bu görüşlərdə qələbə qazanmaq heç də vacib əhəmiyyət daşımayacaq: "İlk növbədə bizə lazımi formamızı yığmaq vacibdi. Çünki qarşıda bizi Azərbaycan Premyer Liqasının çox çətin oyunları gözləyir. Təbii ki, istənilən qələbə komandadakı əhval-ruhhiyəni qaldırmış olur. Bu üzdən Türkiyədə keçirəcəyimiz yoldaşlıq oyunlarında da müsbət nəticələr əldə etməyə çalışacağıq. Amma bu, o qədər də prinsipial əhəmiyyət kəsb etmir. Sadəcə, "İnter” çıxdığı bütün oyunlarda qələbəyə oynayır. Bu görüşlərdə də əlimizdən gələni edəcəyik”. "İnter”in təcrübəli legioneri mümkün transferlərdən də damışıb: "Əgər "İnter”ə yeni futbolçular gəlsə, ümidvaram ki, özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar. Eyni zamanda komandaya çempionat oyunlarında kömək edəcəklərinə də inanıram. Amma kiminsə gəlib-etməsi sırf baş məşqçidən asılı olan məsələdi. O, kimi gətirmək istəyirsə, qoy gəlsin. Bu üzdən də mənim hansısa mövqeyə oyunçu lazım olub-olmadığına dair fikir söyləməyim düz çıxmaz”.
Zlatinov ilk altılıqda yerlərini təmin etmələrinə rəğmən, qarşıdakı oyunlara arxayın çıxmayacaqlarını deyir: "Heç bir arxayınlıqdan söhbət gedə bilməz. Çünki buna yol vermək də olmaz. Bizim ilk altılıqda yerimizi təmin etməyimiz heç nə demək deyil. Onsuz da qalan oyunlarda da qazanacağımız xallar gələcəkdə bizə çox lazım olacaq. Bizim qarşımızda çempionluq hədəfi durur. Buna görə də hər oyunda qələbə qazanmağa borcluyuq”.
|