"İnter”in yarımmüdafiəçisi Petar Zlatinov azerisport.az saytına müsahibəsində "Qarabağ”a məğlubiyyətdən, eləcə də qarşıdan gələn "Bakı” ilə oyundan danışıb. - Ağdamdakı məğlubiyyət komandaya nə dərəcədə pis təsir göstərib? - Növbəti oyuna adi qaydada hazırlaşırıq. Heç bir problem yoxdu. Adətən, məğlubiyyətlər növbəti oyuna daha yaxşı hazırlaşmağa kömək edir. 3-cü turda uğurlu çıxış etmək istəyirik. Rəqib "Bakı” olduğundan, bu oyun paytaxt derbisi olacaq. Qələbə qazanmağı çox istəyirik. Bizim üçün çox vacib oyun olacaq. - Quzanlıda məğlubiyyətə nə səbəb oldu? - Bizə həmin oyunda sadəcə qol çatmadı. Oyun bərabər mübarizə şəraitində keçdi. Tərəflərdən hansınısa aşkar üstünlüyünün olduğunu demək düzgün çıxmaz. Sadəcə biz rəqibdən fərqli olaraq qol vura bilmədik. Elə meydançada ancaq 1 qol vurmaq olardı ki, onu da "Qarabağ” bacardı. Ümumiyyətlə, elə qazonda futbol oynamaq mümkünsüzdü. Hamı gördü ki, topla oynamaq çox çətin idi. Futbolu elə meydançalarda oynamırlar. - Növbəti turdakı rəqibiniz "Bakı” da iddialı rəqiblərinizdəndi... - Rəqib haqda danışmaq istəmirəm. Məni ancaq öz komandam maraqlandırır. Özü də "Bakı” çox dəyişilib. Yeni futbolçular gəlib ki, onları da iş başında görməmişəm. Ümid edirəm ki, onlara qarşı daha yaxşı oynayacağıq. Əsas odu ki, "İnter” öz oyununu sərgiləyə bilsin.
- Rəqibin son turdakı "Simurq”la oyununu analiz etmisiz? - Hələ ki, yox. Onların "Simurq”a qalib gələ bilməməsi o demək deyil ki, bizim işimiz asan olacaq. Aydın məsələdi ki, "Bakı” ilk oyunlardakı xal itkilərindən sonra azarkeşləri, rəhbərlik qarşısında özünü doğrultmağa çalışacaq. Onlar üçün də bizimlə oyun çox vacibdi. Amma biz qələbə qazanmaq istəyirik. Quzanlıdakı yenilgidən sonra buna sadəcə borcluyuq.
- Bu mövsüm avrokuboklarda iştirak edə bilmədiniz. Yeni mövsümlə bağlı hədəfləriniz nədi? - Təəssüf ki, biz avrokuboklarsız qaldıq. Amma bu, futboldu. Həmişə arzuladığını edə bilmirsən. Biz növbəti mövsümdə bu boşluğu aradan qaldırmaq istəyirik. Bunun üçün isə bizə ən axı mükafatçılar sırasına düşmək lazımdı. - Lakin "İnter” bu mövsüm elə də ciddi transferlər həyata keçirmədi... - Futbolçular getdilər də, gəldilər də. Bu, bizim həyatımızın bir parçasıdı. Çempionat uzundu. Yeni gələnlərin gedənlərin yerini nə dərəcədə doldurduğunu mövsümün gedişi göstərəcək. Məsələ heç də pulda deyil. Futbol oynamaq lazımdı.
|