"İnter”in bolqar "pleymeyker”i Petar Zlatinov bizimlə söhbətdə "Bakı” futbol klubu ilə oyun barədə danışdı, növbəti rəqib komanda "Simurq”u qiymətləndirdi və çempionluq uğrunda mübarizədə "İnter”in perspektivləri haqqında düçüncələrini bölüşdü.
-Petar, "Bakı” komandasıyla oyun çox vacib idi, "İnter” "AZAL” ilə oyunda böyük hesablı məğlubiyyətdən sonra bəraətə ehtiyacı vardı.
-Bəli, bizim bəraətə ehtiyacımız vardı. İlk növbədə, özümüzün bəraətə ehtiyacımız vardı. Çox vacib oyun oldu, lazımi səviyyədə kökləndik və haqlı olaraq qalib gəldik. Bu tempdə də davam edəcəyik.
-Qarşıdan "Inter”i Zaqatalaya səfər gözləyir. "Simurq” komandası barədə nə deyə bilərsən?
-"Simurq” maraqlı, gənc və ambisiyalı futbolçulardan formalaşdırılmış komandadır. Onlar nəyə qadir olduqlarını nümayiş etdirmək iqtidarındadırlar, buna görə də, onları qiymətləndirməmək düzgün olmazdı. Bir də ki, onlar son oyunda qalib gəliblər( Petar "Simurq”un MOİK üzərindəki qələbəsini nəzərdə tutur) və yaxşı əhval-ruhiyyədədirlər. Tam gücümüzü ortaya qoyub, yaxşı oyun nümayiş etdirməyə çalışacağıq.
-"İnter”in çempionluq şansını necə qiymətləndirirsən?
-Heç də pis olmayan şansı var. Hazırda biz üçüncü yerdəyik və yuxarıda gedən komandalardan cəmi 2-4 xal arxadayıq. Onların istənilən büdrəməsi bizim onları üstələməyimizə gətirib çıxara bilər. Mövsümün başa çatmasına çox var və biz sonadək mübarizə aparmalıyıq. Ötən çempionatda, xatırlayırsansa, biz son turda çempion olduq. Bu, sübut edir ki, sonadadək mübarizə aparmalıyıq!
-Oyunların əksəriyyətində "İnter” minimal hesabla qalib gəlib. Komandanın belə yüksək olmayan nəticə göstərməsi nə ilə bağlıdır?
-Biz qol vəziyyətləri yaradırıq, lakin onları yerinə yetirə bilmirik. Amma hər halda 1:0 hesablı qələbəyə də, 5:0 hesablı qələbəyə də eyni xal verilir. Ona görə də, vurulan qollar vacib deyil. Bizim həmişə qalib gəlməyimiz əsasdır. Qol vəziyyətlərinin realizəsi üzərində işləyəcəyik.
-"Bakı” ilə oyun ərəfəsində sacını dibindən kəsdirmişdin. Bu, onunla bağlıdır ki, bu mövsüm fərqlənə bilməmisən? Bəlkə bununla uğursuzluğu uzaqlaşdırmaq istəyirsən?
-Yox (gülür). Bu, tamamilə belə deyil. Sadəcə, sacımı kəsdirdim.
www.inter.az
|