"İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin müsahibəsi - Yayda «Turan»a keçidin gündəmdəydi. Necə oldu, yenidən «İnter»ə qayıtdın? - «İnter»lə müqaviləm vardı. Hərbi xidmətdə olduğum üçün MOİK-də oynadım. Xidməti başa vurandan sonra «İnter» rəhbərliyi ilə razılığa gəlməsəydim, «Turan»a keçə bilərdim. Elə oldu ki, söhbətimiz alındı, yenidən qayıtdım. Qayıtmağıma da çox sevinirəm. Çünki bu komanda mənə doğmadır. «İnter» həmişə çempionluğa oynayıb. Bu mövsüm də birinci yer uğrunda mübarizə aparacağıq. Çempionatın ilk oyunları həmişə çətin olur. «Turan»la qarşılaşma da istisna olmadı. - Ötən ilə nisbətən heyətiniz daha da zəifləyib. Bu heyətlə, çətin ki, çempionluq uğrunda mübarizə aparasız. Razılaşmırsan? - Yaxşı futbolçu və ya legioner - bunlar boş şeylərdi. Yaxşı komanda 11 nəfərdən ibarətdi. Baş məşqçinin verdiyi tapşırığı yerinə yetiririksə, qarşımızdakı rəqibin gücündən aslı olmayaraq, qələbə qazanmaq mümkündür. İnanıram ki, bu heyətlə uğur əldə edərik. Gənc çox olduğu üçün bizi zəif görürsüz. Legionelərin olmamasını nəzərdə tutursuzsa, onların yoxluğunu yeni gələnlər unutduracaq. Elnur Abdulovla Asif Mirili çox yaxşı təsir bağışlayır. Hər ikisi əsas heyətdə oynamağa hazırdılar. Belə şey olar? Mən "İnter"i iddiasız təsəvvür etmirəm. Komanda həmişə yüksək yerlərdə olub. Meydançaya çıxan gənclər son dərəcə yaxşı təsir bağışladılar. Mirili 90 dəqiqə əla mübarizə apardı, oyuna əvəzetmədən daxil olan Abdulov isə qələbə qolunu vurdu. Məncə, inkişaf istəyiriksə, gənclərə mütləq şans verməliyik. - Yerli futbolçularla nəyə nail olacaqsız axı? - Sözsüz ki, bizi qarşıda çətin və uzun marafon gözləyir. İndi komandada yerli oyunçulara daha çox üstünlük verilir. Onlar legionerlərdən heç də geri qalımrlar. Əksinə, gənclər özlərini göstərmək üçün şans qazanıblar. Xaricdəki toplanışların gedişində özlərini yaxşı tərəfdən göstərə bildilər. Belə olmasaydı, Sxadadze onlara əsas heyətdə şans verməzdi. Gənclər yavaş-yavaş komandaya uyğunlaşır. Biz yenə çempion olub, ölkə kubokunu qazanmaq istəyirik. - Kaxabar Tsxadadze sənə əsas heyətdə yer vermir. Rəqabətdə yenilərə uduzursan? - Baş məşqçinin işinə qarışa bilmərəm. Onun qərarına hörmətlə yanaşıram və vaxtımı gözləyirəm. Tsxadadze məni bir dəqiqə oynatsa belə, verdiyi tapşırığı yerinə yetirməliyəm. Çünki komandada söz sahibi odur. Dedkilərinə biz futbolçular əməl etməliyik. O ki qaldı rəqabətdə gənclərdən geri qalmağıma, bu, heç də belə deyil. Bizdə əsas heyətlə ehtiyatdakılar arasında elə bir fərq yoxdur. Hamısı eyni gücdədir. Sadəcə, hər birimiz öz vaxtımızı gözləyirik. Kaxa nə vaxt şans versə, çıxıb meydanda topun qarşısına başımızı qoymalıyıq. Çünki burdan çörək yeyirik. - «İnter» həmişə legionerlərə üstünlük verib, indi isə əksinə. Bu, nədən irəli gəldi? - Komanda ötən mövsümü titulsuz başa vurdu və avrokuboklardan kənarda qaldı. Legionerlər onlardan istəniləni eləmədilər. Hamısı deyil, bəziləri. Bir neçəsi də yaxşı təklif aldığı üçün getdi. - Klub yayda 10-dan artıq futbolçu ilə yollarını ayırdı. Aleksandr Çertoqanov və Rövşən Əmiraslanovun gedişi üçün itki sayıla bilər? - Əvəzolunmaz futbolçu yoxdur. Sabah mən də gedərəm, yerimə başqası gələcək. Hər ikisi yaxşı futbolçudu, artıq neçə illər idi «İnter»də oynayırdılar. Onların qalması yaxşı olardı. Gediblərsə, seçimlərinə hörmətlə yanaşmaq lazımdı. Yəqin ki, «Qəbələ» daha yaxşı təklif irəli sürüb. Digər gedənlərin əksəri legionerlərdi ki, özlərini doğrultmadılar. Hazırda qalanlar təcrübəlilərdi.
Əlisahib, "Sport favorit” qəzeti
|