Nizami "Turan"la görüşdə əvəzetmədən meydançaya çıxsa da, oyuna hərəkətlilik gətirməyi bacarıb. "Turan"ın yaxşı oynadığını etiraf etsə də, əsas imtahanı "Qarabağ"la oyunda verəcəklərini deyib: "Baş məşqçi Kaxaber Sxadadze kollektivi "Qarabağ"la oyuna çox güclü hazırlayıb. Həqiqətən də, çox sürətli və arasıkəsilməz məşqlər keçirik. Çünki 2-ci turda qarşılaşacağımız "Qarabağ" sıradan komanda deyil. Həm daxili, həm də xarici çempionatda uğur qazanan "Qarabağ"ı məğlub etmək üçün bütün vasitələrə əl atacağıq. Biz Quzanlıya hazır vəziyyətdə gedirik. Oyunun təbii örtüklü meydançada keçirilməsini nəzərə alıb, məşqlərimizi Zabrat və Suraxanı qəsəbələrində yerləşən stadionlarda həyata keçiririk. Fikrimcə, təbii qazonda oynamaq bizə problem yaratmayacaq".
"İnter" çempionatın ilk turunda gənclərə güvənməsi və sürətli oyun göstərməməsinə görə özü haqqında ikili fikir formalaşdırıb. Əksəriyyət "İnter"in əvvəlki kimi iddialı olacağını düşünmür. Amma Nizami bildirib ki, komandasındakı gənclər Azərbaycanda yetişməkdə olan ən istedadlı futbolçulardır: "Belə şey olar? Mən "İnter"i iddiasız komanda kimi təsəvvür etmirəm. Komanda həmişə yüksək yerlərdə olub. Meydançaya çıxan gənclər son dərəcə yaxşı təsir bağışladılar. Mirili 90 dəqiqə əla mübarizə apardı, oyuna əvəzetmədən daxil olan Abdulov isə qələbə qolunu vurdu. Məncə, Azərbaycan futbolunun inkişafını istəyiriksə, gənclərə mütləq şans verməliyik".
22 yaşlı futbolçu sonda "İnter"in cari mövsüm üçün hədəflərindən danışıb: "Biz yenə Azərbaycan çempionu olub, ölkə kubokunu qazanmaq istəyirik. Məqsəd Azərbaycanı onun hüdudlarından kənarda layiqincə təmsil etməkdir".
Qeyd edək ki, ilk turda doğma meydançada "Turan" üzərində qələbə qazanan "İnter" ikinci oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək.
|