Yay transfer mövsümündə "Xəzər Lənkəran”dan "İnter”ə keçən Nizami Hacıyev Çempionlar Liqasının təsnifat mərhələsində Bakıda baş tutmuş "İnter” - "Lex” qarşılaşmasında baxımlı oyunla diqqəti cəlb etmişdi. Qol.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olan Hacıyev Poznandakı qarşılaşmada da meydana çıxaraq baş məşqçi Kaxaber Sxadadzenin ona Premyer Liqada da inana biləcəyini göstərmişdi. Lakin təəssüf ki, Nizami Polşadakı qarşılaşmada aldığı zədə ucbatından cari mövsüm ölkə çempionatında komandasına kömək edə bilməyib. Bu azmış kimi, yenicə fərdi məşqlərə başladığı dövrdə Hacıyev növbəti ciddi problemlə üzləşib. Belə ki, futbolçu gözlənilmədən hərbi komissarlığa çağırılıb və əsgərliyə aparılıb. Əldə olunan məlumatlara görə, istedadlı futbolçu hazırda Bərdə rayon ərazisində yerləşən "N” saylı hərbi hissədədir.
|