"Dünən iki dəfə məşqimiz olub. Bu oyuna çox güclü hazırlaşırıq. Ağır məşqlər olduğundan oyunda bizə xeyri deyəcək". Bu sözləri "İnter"in üzvü Nizami Hacıyev Premyerliqa.az-a açıqlamasında deyib. Hacıyev "Qəbələ" ilə oyun haqda bunları söyləyib: "Necə başlamışıqsa, elə də davam etmək istəyirik. "Xəzər Lənkəran" və "Neftçi"ni məğlub etdikdən sonra hansısa bir rəqibə uduzsaq heç də yaxşı olmayacaq.
İlk növbədə "Qəbələ" böyük hörmətlə yanaşdığımı demək istəyirəm. Hər bir kluba hörmətlə yanaşmaq lazımdır. Rəqibə yuxarıdan aşağı baxsan, uğurlu nəticə qazanmaq qeyri-mümkündür.
Çünki idman lovğalığı sevmir. "Qəbələ"də güclü futbolçular çıxış edir və baş məşqçiləri də tanınmış futbol adamıdır. "Qəbələ" ilə görüş gözlədiyimizdən də çətin olacaq".
Futbolçu fikirlərinə bu cür davam edib: "Xəzər Lənkəran" və "Neftçi" oyunlarından sonra komanda daha yaxşı çıxış etməyə qadirdir.
Bu görüşlərə də çox yaxşı hazırlaşmışdıq. Əgər bu iki görüşdə xal itirsəydik, çempionluq uğrunda mübarizədə geriyə düşəcəydik.
Bu oyundan əvvəl hamı da yaxşı başa düşürdü ki, ya qalib gəli çempionluq uğrunda oynayacağıq, ya da məğlubiyyətdən sonra çempionatda qalmaq uğrunda çıxışımız davam etdirəcəyik.
Mən 18 yaşından "İnter"dəyəm. Bu komanda hər zaman çempionluqa oynayıb. Güclü və psixoloji hazırlıq sonunda "Neftçi" və "Xəzər Lənkəran"ı məğlub etdik".
Nizami "Qəbələ" ilə oyuna start heyətində çıxacağını bildirib: "İndi özümü daha yaxşı hiss edirəm. Tam qüvvəmlə oynamağa qadirəm. Buna görə də "Qəbələ" ilə oyunda ilk dəqiqələrdən meydanda olacağıma inanıram".
Ötən tur "Neftçi" ilə görüşdə İlya Kandelaki, Asif Məmmədov, Samir Zərgərovu itirən "İnter"in "Qəbələ" qarşısında çətinliklə üzləşəcəyini gözləmək mümkündür. Nizami Hacıyev də bu üç futbolçunun olmamasını "İnter" üçün itki olduğunu adlandırıb: "Əsas heyətin üç üzvüdür. Onların olmaması oyunumuza təsir edəcək. "İnter" üçün itki sayıla bilər".
"Xəzər Lənkəran"la görüşdə qələbə qolunu vurduqdan sonra lənkəranlı azarkeşlərlə bir müddət mübahisə yaşayan Nizami Hacıyev məsələyə bu cür aydınlıq gətirib: "İlk yarı bitdikdən sonra Emeka Opara ilə zarafatlaşırdıq. Mən "Xəzər Lənkəran"da oynayandan Opara ilə münasibətim yaxşıdır. Opara ilə zarafatlaşdıq və lənkəranlı azarkeşlər bunu səhv başa düşdü.
Oyunun gedişində də mənə qarşı qeyri-etik ifadələr işlətməyə başladılar. Dayanmadan mənim ünvanıma söyüşlər yağdırırdılar. Mən dıə ürəyimdə dedim ki, nə olarki, Allah böyükdür.
Elə Karlsonsun ötürməsindən sonra top qarşıma düşdü, mən də onu qapıya göndərdim. Qoldan sonra həmin azarkeşlərin qarşısında keçdim.
Jest etdim ki, yəni sizin cavabınızı qolla verdim. Ancaq hansısa bir qeyri-etik hərəkətim olmayıb.
İndinin özündə də həmin azarkeşlərə səhv olduqlarını sübut edərəm. Həmin qolu da mən yox Allah etdi. Heç kimin Nizami Hacıyevi söyməyə haqqı yoxdur".
|