"Çox qəliz məsələdir. Buna konkret cavab verə bilməyəcəm”. Bu sözləri apasport.az saytına "İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev deyib.
Karyerası ərzində U-17, U-19 və U-21 yığmamızda oynayan futbolçu ötən ilin sonlarında əsas millinin də heyətinə cəlb edildi. Əslində, aşağı yaşlı yığmalarda oynayan zaman ölkənin ən perspektivli futbolçularından hesab edilən Hacıyev sonradan sanki kölgəyə çəkildi. Hətta "Xəzər Lənkəran” kimi iddialı komandada özünü sübut edə bilməyən futbolçu sonradan paytaxta üz tutdu.
O, bir müddət diqqət mərkəzində qalmasının səbəbini belə izah edib: "Əsgərlikdə olan vaxt diqqətdən kənarda qaldım. Nizami adlı futbolçunun olub-olmadığını fikirləşən yox idi. Həmin vaxt heç kimin yadına düşmürdüm”.
Potensialından hələ tam istifadə etmədiyini deyən Hacıyev maksimum həddə çatmaq üçün çalışdığını vurğulayıb: "İndi normaldır. Nə ən yüksək həddə çatmışam, nə də aşağı səviyyədəyəm. Potensialımı tam açmağa çalışıram. Çalışıram ki, hər şey yaxşı olsun”.
Adətən yerli futbolçular haqda danışarkən, onları qeyri-peşəkarlıqda ittiham edirik. Çünki əksəriyyəti öz rejiminə düzgün fikir vermir, bir az pul qazanan kimi "ulduz xəstəliyi”nə tutulurlar: "Bu cür halla rastlaşırıq. Heç kimin xatirinə dəymək fikrim yoxdur. Hər kəs pulu öz ailəsi üçün qazanır. Gərək elə edəsən ki, bu davamlı olsun. Mən gündəlik rejimimə fikir verirəm. Əgər pul qazanmaq, yaxşı futbol oynamaq istəyirəmsə, bunu etməliyəm. Gərək hər şeyi baş məşqçi desin? İndiki durumumdan narazılığım yoxdur. Artıq yığmanın da heyətinə cəlb edilirəm”.
|