«Artıq 3-cü turdan sonra çempionluğun taleyi müəyyənləşir? Belədirsə, medalları indidən paylasınlar, biz də işimizi bilək». «Bakı» ilə oyunda haqsızlığa məruz qalan «İnter»in prezidenti Georgi Nikolovun fikirləridi. Amma bolqar bir qədər yanılır. Çempionluğun taleyi 3-cü turda yox, çempionat başlamamış həll olunub. İki həftə əvvəl «Komanda» qəzetində «Bakı»ya çepmpionluq sözü verildiyini yazmışdıq. Yazdıqlarımız doğrulur.
Dünənə qədər başqalarının haqqını tapdalayan «İnter» indi haqq axtarır. Bizdə həmişə belə olub, haqq haqqımız tapdalananda yadımıza düşüb. Dünənə qədər «İnter»in onları saymadığını, reklam vermədiyini həzm edə bilməyən bəzi mətbuat orqanlarının, saytların da əlinə fürsət düşüb.
«Bakı»nın verdiyi reklamın məbləğini qaldırmaq, «İnter»dən acıq çıxmaq üçün tüpürürlər haqqa.
«Bakı»nın çempionluq üçün nə qədər para boyun olduğunu, bunun nə qədərinin Ramin Musayevə, nə qədərinin Xaqani Məmmədova, hakimlərə çatacağı da məlumdu. Güman edirəm ki, bu məlumluq Nikolova da məlumdu. Amma dilə gətirməyə cəsarəti çatmır, çünki əlində qəbz yoxdu. Ona görə də hakimləri günahlandırır. Balam, Ramil Diniyev kimdir ki? Adicə küləpısıdandı. Tapşırıq yerinə yetirəndi. Onda cəsarət nə gəzir ki, kiminsə haqqını tapdalasın. Ramil Diniyev kimi, yerdə qalan digər təcrübəli, gənc və perspektivli hakimlərin də hamısı küləpısıdandı. Onlara deyirlər ki, get bu işin içinə pısıt, vəssalam. Elə ona görə də Azərbaycan futbolu iy verir, üfunət qoxuyur.
«Bakı»nın verəcəyi reklam pulları küləpısıdan mətbuatın da burnunu tutub. Az qala hamı «İnter»i ədalətsizlikdə ittiham edir. Kimə görə? Ədalətsizliyi futbolumuza bəxş edən «Bakı»ya görə.
Dostum Əli Sahib bir qədər də irəli gedərək (amma onun «Bakı»nın verəcəyi reklama görə yox, səriştəsizlikdən «irəli» getdiyinə də əminəm) Ramil Diniyevin gənc və perspektivli olmasını qabardır, onun qətiyyətli və düzgün qərar verməsinə əmin olduğunu bildirir. Diniyevə sahib çıxmamızı tələb edir.
Dostum iddia edir ki, oyuna Az.Tv-dən baxıb, baş verənləri yaxşı analiz edib və gənc hakimin düzgün qərar verdiyinə əmindi. Yəqin ki, Əli Sahib elə Az.Tv-nin ədalət prinsiplərindən çıxış edir.
Əli bəy, «İnter»-«Bakı» oyununda penalti qərarını Ramil Diniyev vermədi. Get saytlarda yerləşdirilmiş epizoda bir daha bax, Az.Tv-ni yaddan çıxart.
Gənc və perspektivli dediyini hakim olayın düz iki metrliyində idi. Futbolçuların toqquşmasından sonra davam işarəsi verdi, hətta əli ilə Nurlana ayağa qalxmağı da tövsiyyə etdi.
Ancaq qulaqcığına gələn sifarişin ardınca fikrini dəyişdi. Gözünün qarşısında baş verən olayı düzgün qiymətləndirə bilməyən birisini perspektivli adlandırırsan, ona sahib çıxmağımızı istəyirsən?
«Rəvan»-«Neftçi» oyununda qulaqcıqdan istifadə etməyən hakimlər bu mərəti «Şəfa»da niyə qulaqlarına taxmışdılar? İkili standart nəyin əlamətidi? Bunları soruşmaq lazımdı küləpısdanlardan.
Ayrı vaxt belə epizodları müzakirə edən küləpısıdan müətəxəssislərimiz «hakim hadisə yerinə yaxın idi, hər şeyi daha yaxşı görürdü» deyirlər. Bəs nə baş verdi ki, hadisə yerinə hamıdan yaxın olan Diniyev qərarını dəyişdi? Olmaya hadisə yerindən 30 metr kənarda olan yan xətt hakimi daha dəqiq görürdü baş verənləri?
Lomaya futbolçu olmayan, heç vaxt da olmayacaq Nurlana qəsdən zərbə endirməmişdi. Bu adi oyun epizodu idi. Nurlan «İnter»in cərimə meydançasında çaş-baş qaldığından, nə edəcəyini bilmədiyindən Lomayanın təpiyinə tuş gəldi. «Orda penalti var idi» iddiasında olanların hamısı küləpısıdandı. Bir müddət sonra yel qovub aparacaq onları. İndi isə fürsətdi, çıxın «İnter»dən acığınızı, qaldırın «Bakı»nın reklam pulunu. Pısıdın Azərbaycan futbolunun içinə. Küləpısıdanlar.
|