Kiyev "Dinamo”sunun və Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Sergey Konovalov son müsahibələrinin birində karyerasının Azərbaycan hissəsini yada salıb. Xatırladaq ki, vaxtilə Çempionlar Liqasının yarımfinalında oynamış, Ukrayna millisinin tarixinə vurulan ilk rəsmi qolun müəllifi kimi düşən ölkəsinin bu məşhur futbolçusu, 2006-cı ildə yarımmövsüm Azərbaycanda oynayıb və oyunçu karyerasını məhz Bakı "İnter”ində başa vurub. Hazırda "Sevastopol” klubunun köməkçi məşqçisi çalışan Konovalov bunu xatırlayaraq deyib: "Azərbaycana məni orada məşqçi işləyən Anatoliy Konkov dəvət etdi. O klubda çoxlu ukraynalı var idi. Amma zədə üzündən çox kömək edə bilmədim. Elə Belkeviç kimi mənim də futbolçu karyeramda sonuncu klub "İnter” oldu. Yadımda düşür ki, Kiyev "Dinamo”sunda uğurla oynayanda mənə sual vermişdilər ki, hansı məşhur klublarda oynamaq istərdin. Cavab vermişdim ki, "Arsenal” və "İnter”də. Taleyin gərdişindən, karyeramda sonuncu klublar məhz belə adlanır. Amma London əvəzinə Kiyev "Arsenal”ı, Milan əvəzinə isə Bakı "İnter”ində oynayası oldum!”.
|