Braziliyalı legioner Leonardo Roşa ötən mövsüm şərəfini qoruduğu Bakının "İnter" klubundan FİFA-ya şikayət edib. 25 yaşlı forvard ali futbol qurumunun vasitəsiylə hüqunu qorumaq fikrinə düşüb. Onun azad oyunçu statusunu alıb, "Qarabağ"a keçəcəcəyi də bildirilir. Xatırladaq ki, "sambaçı" "bankirlərin" heyətində karyerasına əla başlamışdı. Başgicəlləndirici fintləri və sərrast cərimə zərbələri ilə diqqətləri üzərinə çəkmiş və hətta milliləşdirilərək ölkəmizin şərəfini qoruması istənilmişdi. Sonradan Leo "İnter"də bir sıra problemlərlə üzləşmiş, tədricən heyətdə də yerini itirmişdi. Onun komandanın gürcü baş məşqçisi Georgi Tsxadadze ilə yola getmədiyi məlum idi. Bundan bir il öncə də latın amerikalının elə eyni mütəxəssislə çəkişməsi üzündən, digər Azərbaycan klubu "Standard"da karyerası uğurlu alınmamışdı. "Standard"la "İnter" arasında olan fasilədə isə Venesuelada top qovmuşdu.
Rubinsin iziylə "Qarabağ"a
Bakılıların intizamsızlıq adıyla heyətdən kənarlaşdırdığı bu istedalı forvard hazırda işsiz qalıb. Səbəb klubun onun transfer vərəqini verməməsidi. O, keçmiş komanda yoldaşı Andrey Rubinsin yayda başına gətirilən analoji hadisəylə üzləşib. Onunla da latviyalı kimi iki ayrı müqavilə imzalanaraq, aldadıldığı söylənir. Xatırladaq ki, Rubins sərbəst agent olduğunu güman edərək "Qarabağ"a keçmək istəmişdi. Ancaq "İnter" rəhbərliyi ortaya başqa bir müqavilə çıxararaq, onun anlaşma müddətini hələ bir ildə qüvvədə qaldığını göstərmişdi. Sonradan Ağdam klubu problemi birtəhər yoluna qoymuş və Rubins avrokuboklarda təmsilçimizin şərəfini uğurla qorumuşdu. Baltikalı legioner vaxt itirməmək üçün FİFA-ya şikayət etməmiş, keçmiş komandasıyla "sülh” yoluyla dil tapmışdı. Eyni tərzdə Roşanın hüquqları kobud şəkildə pozulub. Onun AFFA-ya bildirilən sözləşməsinin müddəti bir il, FİFA-ya təqdim ediləndə isə 2 il göstərilib. Çox maraqlıdı ki, azad agent olmaq istəyən bu legionerin də "Qarabağ”a keçməsi gündəmdədi. Bu da təsadüfi deyil. Rubins kimi Roşanın da Azərbaycandakı meneceri Kamil Məmmədovdur.
"İnter"ə kimlər "torba tikir"?
Belə ki, Məmmədov braziliyalının "İnter”i FİFA-ya şikayət edilməsində maraqlı olan qüvvənin üzvüdü. Bu isə elə həmin saxta müqavilələri vaxtiylə düzüb-qoşanlardı!…Ötən mövsümün gedişidnə ciddi maliyyə fırıldaqları ucbatından klubdan qovulan sabiq baş menecer Rüstəm Abdullayevin qruplaşması yenidən vəzifələrinə qayıtmaq məqsədi ilə çox şeyə əl atır. Hazırda futbol komandasını idarə edənlərin "İnter”in sahibi Cahangir Hacıyevin yanında etibarını itirməsinə çalışırlar. Qovulanadək klubun həyata keçirdiyi bütün transferlər Rüstəm Abdullayev və onda müavini olan Kamil Məmmədovun əliylə həyata keçirilirdi. Həmin vaxt pul mənimsəmək məqsədi ilə müqavilələrin saxtalaşdırılması adi hal almışdı. Və indi bu bəylər öz hoqqalarının indiki rəhbərliyin başında çatlatmaq fikrinə düşüb. Futbolçuya "Qarabağ”la müqavilə vəd edib, "İnter”ə qarşı çıxmasına nail olublar.
FİFA klubumuzu cəzalandıra bilər
Onu da qeyd edək ki, futbolçularla saxta sözləşmələrin imzalanması Azərbaycanda artıq adı hal alıb. Yayda millimizin gənc müdafiəçisi Vurğun Hüseynovun da iki ayrı müqaviləsi olduğu ortaya çıxmış, "Qəbələ”dən "Xəzər-Lənkəran”a transferi açıqlanmış, ardından yetişdiyi "Turan”la anlaşmasının hələ davam etdiyi bəlli olmuşdu. AFFA-dakı qeyri-peşəkarlar bu "hoqqalara” göz yumsa da, FİFA-nın məsələyə baxışı daha sərtdi. İstisna deyil ki, "İnter” cəzalandırılsın. Klubun qış mövsümündə transfer etməsinə qadağa qoyula bilər.
Mənbə: azfutbol.com
|