"Həm məşq, həm də əsas meydançanı qardan təmizləməyə çalışırıq. Axşama qədər bunu bacaracağımıza inanıram”. Bu sözləri açıqlamasında Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev deyib.
Bazar günü Premyer Liqanın XV turu çərçivəsində "İnter”lə qarşılaşacaq "Xəzər Lənkəran” rəqibini doğma meydanda qəbul edə biləcək. Belə ki, hazırda stadionun qar örtüyünün təmizlənməsi istiqamətində işlər görülür.
2 gün əvvəl Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan”ı qəbul etməli olan "ağ-yaşıllar” meydanın qarla örtülməsi üzündən oyunu paytaxtda keçirməli olmuşdu. Stadion rəhbəri bu dəfə analoji problemi yaşamayacaqlarını, amma qazonun istənilən vəziyyətdə olmayacağını vurğulayıb: "Hava şaxtalı olduğundan, qarı təmizləmək çətindir. Hazırda 60-a yaxın insan bu işlə məşğuldur. Şaxta ilə yanaşı, bu qədər insanın meydançada hərəkət etməsi ot örtüyünə ziyan yetirir. Hər dəfə ot tapdalanır, qar təmizlənən vaxt müəyyən qopmalar olur”.
Hacıyev sabah meydanda suyun qurudulması istiqamətində çalışacaqlarını deyib: "Sabah stadiondan suyu çəkəcəyik. Hazırda Olimpiya kompleksinin meydançasının üzərində 15-20 santimetr qalınlığında qar var. Buna görə əvəzedicilər də oyunu məşq meydançasında keçirəcəklər”.
Qeyd edək ki, "İnter”ə oyunöncəsi məşq keçmək üçün stadionda şərait yaradılacaq. Arena rəhbərliyi artıq onların təklif etdiyi vaxtda meydançasını qonaq komandanın ixtiyarına verəcək. Bir sözlə, "İnter sabah saat 17:00-da məşq edə biləcək.
apasport.az
|