"İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin "Sport favorit" qəzetinə müsahibəsi - Qeyri-stabil çıxış etməyinizi nəylə əsaslandıra bilərsiz?
- AZAL-a qarşı yaxşı oynamışıq. Bu oyunu «Xəzər Lənkəran»la qarşılaşma ilə müqayisə etsək, eynidi. AZAL-la oyunda üstünlük bizim tərəfimizdəydi. Səkkiz tura iki top buraxmışıq. Bu onu göstərir ki, müdafiə xətti stabil oyun göstərir. O ki qaldı hücum futboluna, AZAL-la oyunda bizim qol vurmaq imkanlarımız çox idi. Sadəcə, həmin imkanlardan istifadə edə bilmədik. «Kəpəz»lə oyunda isə az qol epizodu yaratdıq. Onlar güclü müdafiə olunduğundan, bir qədər çətinlik çəkdik. «Xəzər Lənkəran»la oyunda müdafiədə yaxşı oynayıb, hücuma vaxtında sürətlə çıxdıq. Bir neçə qol vurmaq şansımız oldu. Bunun nəticəsi kimi, sonda istəyimizə çatdıq. Buna qədər keçirdiyimiz oyunlardan yalnız birində - «Qarabağ»la matçda komandadan narazı qalmışam. Məhz həmin oyundan sonra artıq komandada yüksəliş başlayıb. Ondan sonrakı turlarda stabil çıxış edirik. - Keçən mövsüm avrokuboklara vəsiqə qazanmadığınız üçün startegiyanı dəyişdiz? - Hələ ötən mövsüm başa çatmamış, klubun sponsoru Cahangir Hacıyev və prezident Georgi Nikolovla görüş oldu. Üç nəfər birlikdə növbəti mövsümlə bağlı klubun planlarını müəyyənləşdirdik. İlk növbədə, qarşıya vəzifə qoyuldu ki, yerli futbolçuların sayı artmalıdı. Bunu da ona görə etmişik ki, gələcəkdə legioner limiti olsa, yerli futbolçu baxımından problem yaşamayaq. İkinci vəzifə «İnter»ə ortabab deyil, daha səviyyəli legionerlər cəlb etməkdi. Asif Mirili və Elnur Abdulovu əsas komandaya cəlb etməklə birinci vəzifəni yerinə yetirdik. Hələ bir neçə nəfər gənc oyunçumuz var ki, onlar da yaxın vaxtlarda üzə çıxacaq. İkinci vəzifəni yerinə yetirmək bir qədər çətindi. Bilirsiz, niyə görə? Yüksək səviyyəli futbolçu gətirmək asan deyil. Yayda bir legioner mərkəz müdafiəçi -Xrapanı götürmüşük. Avstriyanın yüksək dəstəsində «Matsburq»da oynayıb. Baxışda olanların səviyyəsi isə bizi qane etmədi. Belələrinə pul xərcləməyə dəyməz. Əvvəl klubda nələr olubsa, hamısı qaldı arxada. İndi «İnter»in futbol siyasəti dəyişib. Mənim gəlişimdən sonra büdcə ildən-ilə aşağı düşür. Bu yaxınlarda yenə klubun sponsoru ilə görüşmüşük. Qışda komandanı üç-dörd səviyyəli futbolçu ilə gücləndirmək istəyirik. Hamısı da legioner olacaq. Onları almaqla zəif mövqelərimizi daha da gücləndirəcəyik. Hələ ki axtarırıq. Əgər daha səviyyəli legioner gətirə bilsək, onda titul uğrunda mübarizə aparmaq iddiamız artacaq. - Rəhbərlik qarşınıza nə məqsəd qoyub? - Məqsəd yüksək yerlər uğrunda mübarizə aparmaqdı. Bu, həmişə belə olub. Başqa variant yoxdu. İstər baş məşqçi mən olum və ya başqası. «İnter» iki dəfə ölkə çempionu adını qazanıb. Bu komandanın vəzifəsi ancaq yüksək hədəflərə çatmaqdı. Bu il də qarşımıza titul qazanmaq qoyulub. Ölkə çempionatı ilə yanaşı, avrokuboklarda da gücümüzü göstərməliyik. Artıq bunun vaxtı çatıb. Bunun karyerama da böyük önəmi var. Hədəfimiz avrokuboklara vasiqəni təmin etmək, sonra turnirdə Azərbaycanı layiqincə təmsil etməkdi. - Geridə qalan turlarda komandada nəyin çatmadığını müəyyən etmisiz? - Hücumun sonluğu yoxdu. Ustalıq çatışmır. Aşağıdan futbolçular hazır gəlmirlər. Onların fiziki hazırlığı aşağıdı. Əvəzedicidən gələnlərə hələ necə oynamağı öyrətmək lazımdı. Bizim üçün problem deyil. Nə lazımdı, başa salırıq. Çatışmayan yeganə cəhət futbolçuların ustalıq səviyyəsinin aşağı olmasıdı. Onlara da özünü göstərmələri üçün vaxt lazımdı. - Sizdə qolları əsasən müdafiəçi və yarımüdafiəçilər vurur. Bu, onu göstərmir ki, hücum xəttində problemlər var? AZAL-dan transfer etdiyiniz İlya Krastovçevdən razısız? - Əfsus ki, hələ ümidləri doğrultmayıb. Digər yandan, onun da üzərinə çox getmək istəmirəm. Çünki zədəlidi. «Bakı»ya qarşı pis oynamadı. «Simurq»la oyunda isə bir qədər çətinlik çəkdi. Ondan sonra ciddi zədə aldı, indi özünə gəlir. Krastovçevdən çox şey gözləyirəm. Mənə elə gəlir ki, bizə köməyi dəyəcək. Hələ qarşıda neçə oyun var. Baxarıq, ümidləri doğrulda biləcək, ya yox. - Növbəti turda «Neftçi» ilə qarşılaşacaqsız. Rəqibin baş məşqçisi Böyükağa Hacıyevlə aranızda bir neçə dəfə mübahisə yaşanıb. İstər o «Bakı»da olanda, istərsə də «Standard»da işləyəndə. Yenidən qalmaqalın baş verə bilər? - «Neftçi» son çempiondu. Rəqib əsas heyətini qoruyub. Ardıcıl iki qələbədən sonra «Neftçi»nin oyununda yüksəkliş var. Onlar da çempionluq uğrunda mübarizə aparır. Açıq deyim ki, çempionat çox gərgin və ağır keçir. Əksər komandalar ilk «altılıq»da yer almaq üçün mübarizə aparır. «Neftçi» çempionluğa əsas namizədlərdən sayılır. Ona görə oyun çox çətin keçəcək. Böyükağa Hacıyevlə münasibətim çox yaxşıdı. Həmin hadisədən beş il keçir. Tofiq Bəhramov stadionunun 60 illik tədbirində onunla görüşdüm, artıq heç bir konfliktimiz yoxdu. - Heyətdə baş verən dəyişiklərdən sonra çoxları «İnter»i «altılıq»da görmür. Buna sizin münasibətiniz? - Bunu mən də eşitmişəm. Hər insanın öz fikri var. Hamısına hörmətlə yanaşıram. İndi kiminsə arxasınca düşüb, fikrini dəyişə bilmərəm ki… Meydan düz, top yumrudu. Bunu eşidən futbolçular özlərini göstərib, «İnter»in «altılığ»a layiq olduğunu sübut etməlidilər. Mənim üçün kimin nə danışdığı elə də önəmli deyil. Oyunumuzla göstərməliyik ki, onlar «İnter» haqqında yanlış fikirdədilər. - Hakimlər «İnter»i sıxışdırır. Bunu AZAL-la matçda da gördük. Növbəti turlarda da belə aqibətlə üzləşəcəyinizi güman etmirsiz? - Söhbət yalnız «İnter»in sıxışdırılmasından getmir. Hər oyundan sonra belə söz-söhbətlər olur. Hakimləri müzakirə etməyi xoşlamıram. Bizim də səhvlərimiz olur. Ancaq məşqlərdə onun üzərində işləyib, düzəltəməyə çalışırıq. Hakimlər öz üzərində çalışmalıdılar ki, səhvləri az olsun. Onların idarəçiliyindən çox şey asıldı. - «İnter»dən ayrılan futbolçuların çoxu sizi məşqçi kimi tərfiləyir. Amma bir insan kimi xarakterinizi bəyənmirlər…
- Yayda «İnter»dən xeyli futbolçu getdi. Onların çoxu da öz istəyi ilə ayrılıb. Samir Abasovu saxlamaq istəyirdim, «Qarabağ»a keçməyə üstünlük verdi. Rubin də onun kimi. Sonra yenidən komandaya dönmək istədilər, razılıq vermədim. Rövşən Əmiraslanov da getməyi üstün tutdu. Dünən eşitmişəm ki, yenidən qayıtmaq istəyir. Qalanları müqaviləsi başa çatdığı üçün ayrılıb. Dmitri Kruqlovu da saxlamaq istəyirdim. Eyni üslubda oynayan müdafiəçidən biri qalmalıydı. Kandelakini saxlamalı oldum. İmkanım olsaydı, onu da saxlayardım. Kruqlovun özü üçün də yaxşı oldu. İndi o, daha səviyyəli çempionatda çıxış edir. penalti.az
|