Главная » 2011 » Mart » 29 » Kaxaber Tsxadadze:İnşallah, “İnter” Avropaya yol açar,
19:02
Kaxaber Tsxadadze:İnşallah, “İnter” Avropaya yol açar,
"İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadze "Muğan”la keçirdikləri yoxlama matçı barədə danışıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan millisnə də uğurlar arzulamağı yaddan çıxarmayan Sxadadze "İnter"də çıxış edən gənc futbolçular haqqında fikirlərini açıqlayıb.
-"Muğan”la oyunda yaxın ehtiyatda olan futbolçuları və əvəzetmə heyətin bəzi futbolçularını yoxlamadan keçirdiniz. Onların sərgilədikləri oyundan razı qaldınız?
-Oyunun əvvəlində konsentrasiya ilə bağlı problemlər yarandı ki, bu da erkən qolun buraxılmasıyla nəticələndi. Biz bu matçı yorğunluğun fonunda keçirdik. Komanda ötən həftənin sonunda gündə 2 dəfə məşq etmiş və saatyarımlıq oyuna hazırlıq məşqi keçirmişdi ki, bu da oyunçularımızın hərəkətlərində müəyyən nöqsanlara gətirib çıxardı. Yaxın ehtiyatda olan futbolçulara gəldikdə onu deyə bilərəm ki, onlardan ikisi özünü göstərə bilmədi. Lakin sevindirici haldır ki, əvəzetmə heyətdən olan 4 gənc oyunçu özlərini yaxşı tərəfdən göstərdilər. Elnur Abdulov birinci hissənin gedişində fəallığı ilə fərqlənirdi. Asif Mirili özünü ikinci hissədə yaxşı göstərdi. Ramil Mansurov və Aleksandr Qross oyuna əla uyğunlaşdılar. Fərəhli haldır ki, əsas komanda ilə məşqlərdən sonra bu futbolçularda müəyyən irəliləyiş hiss olunur. Bizi tez-tez tənqid edirlər ki, "İnter”də gənc futbolçulara şans verilmir və s. Amma baxın, yəqin komandanın tarixində ilk dəfə olaraq eyni anda meydana 17-18 yaşlı futbolçular çıxmışdılar. Biz bundan sonra da onları komandaya daha fəal cəlb etməyi planlaşdırırıq. Qeyd etmək istəyirəm ki, bu futbolçuların müqavilələrində maliyyə məsələsi yaxşı tərəfə dəyişdirilib və əmək haqları artırılıb. Onlar əlbəttə ki, hələ öz üzərilərində çox işləməlidirlər və əslində biz bu məsələdə onlara fəal kömək edəcəyik.
-Sizin cavabınızdan belə bir növbəti sual yarandı. Azərbaycanda futbolçu yetişdiriləndə belə problem yaranır: 17-18 yaşadək oyunçular inkişaf edirlər, lakin sonradan bu artım dayanır ki, nəticədə 21-22 yaşda onlar və digər ölkələrdəki həmyaşıdlıları arasında böyük uçurum yaranır. Siz artıq uzun müddətdir azərbaycanlı futbolçularla işləyirsiniz. Bu problemin əsas səbəblərini nədə görürsünüz?
-Bu problem təkcə Azərbaycanda müşahidə olunmur. Bu problem postsovet ölkələrinin hamısı üçün aktualdır. Bu problemləri mən mentalitetdə görürəm. Müəyyən yüksək olmayan səviyyəyə çatdıqdan sonra gənc futbolçular çox vaxt həmin səviyyədə də dayanırlar. Maddi planda onlar bolluq hiss etməyə başlayırlar ki, bu da istər-istəməz karyera artımının dayanmasına və hansısa məqsədlərin, ambisiyaların itirilməsinə gətirib çıxarır. İlk müqaviləni imzalamaqla onlar bununla kifayətlənirlər. Özünə qarşı daha az tələbkar olmaqla futbolçu kimi daha irəliyə gedə bilmirlər. Bir neçə il belə oğlanları perspektivli hesab edirlər, ancaq sonradan onlar adi oyunçulara çevrilirlər. Bundan başqa, jurnalistlərin gənc futbolçuları göylərə qaldırmalarına lüzum yoxdur. Bunu Gürcüstanda tez-tez edirlər. Təbii ki, gənc oyunçular psixoloji və emosional dəstəyə ehtiyacları var və onlara maraq göstərmək xoşlarına gəlir. Lakin ümid verən futbolçuların nümayiş etdirilməsindən sui-istifadə etməyə dəyməz. Ona görə ki, bu, acınacaqlı nəticələrə gətirib çıxarır.
-Şənbə günü komandanı AZAL ilə qarşılaşma gözləyir. Bu oyun haqda nə deyə bilərsiniz?
-Bizə bu matça maksimum dərəcədə diqqətlə yanaşmaq lazımdır. Axı, "altılıqda” hər bir oyun həddən artıq vacibdir. Ona görə ki, final mərhələsinə çıxmış 6 komandanın hamısı medallar uğrunda mübarizə aparır. Buna görə də aydındır ki, bu qarşılaşma "altılıqdakı” digər oyunlar kimi, böyük əhəmiyyət daşıyır.
Bizim komanda fiziki hazırlıq planında yaxşı vəziyyətdədir. "İnter”in hazırda əsas problemi "Xəzər-Lənkəran”la keçirilmiş oyundan sonra yaranmış psixoloji enişdir. Ancaq "Bakı” ilə oyun göstərdi ki, bununla bağlı işlər yaxşılaşmağa doğru gedir. Komanda özünə gəlir və bu ruhda oynamağa davam etmək lazımdır. Bizə müdafiədə diqqətli oynamaq lazımdır, axı qolların çoxunu diqqətsizlik üzündən buraxırıq. Komandaya daha diqqətli oynamaq, fərdi səhvlərə qol verməmək və mənasız qollar buraxmamaq lazımdır.
-"İnter”in 5 futbolçusu milli komandanın ixtiyarındadır. Onlar komandaya həftənin ortalarında qoşulacaqlar. Bu vəziyyət "İnter”in AZAL ilə oyununa nə dərəcədə təsir göstərəcək?
-Onlar peşəkar futbolçulardır və qısa zaman ərzində bərpa olunmağı bacarmalıdırlar. Mənim nəzərimcə, 3 gün ərzində tamamilə bərpa olunmaq və növbəti matça hazırlaşmaq mümkündür. Ən əsası onların sağlam və zədəziz olmalarıdır. Belə olan halda biz onların oyuna optimal formada yanaşmalarına çalışacağıq. Təəssüf ki, Girts Karlsons zədə üzündən vaxtından əvvəl Latviya yığmasının düşərgəsindən qayıdıb. Biz hələ onun AZAL ilə oyunda iştirak edəcəyini dəqiq bilmirik.
Bundan başqa, həkimimiz milliyə çağrılan və ötən altıncı gün matça çıxmayan Robertas Poşkusla söhbət edib. Məlum olub ki, onun səhhətilə bağlı müəyyən problemləri var. Filip Despotovski də Makedoniya millisinin tərkibində meydana çıxmayıb. Lakin son zamanlar o, bizdə də heyətə tez-tez düşmürdü. Dmitri Kruqlovun Estoniya millisinin heyətində meydana çıxması bizi sevindirir. Ümid edirəm ki, bu gün Azərbaycan millisinə çağrılmış 2 oyunçumuz özlərini yaxşı tərəfdən göstərəcəklər. Azərbaycan milli komandasına uğurlar arzulayıram. -Ötən həftə "İnter"lə daha bir ili əhatə edən yeni müqavilə imzaladınız. Müqavilənin müddətinin uzadılmasından nə gözləyirsiniz?
-Demək istəyirəm ki, "İnter”də keçirdiyim ilyarım ərzində biz 2 titul qazandıq. Son zamanlar bizdə müəyyən eniş yarandı, lakin biz onu aradan götürə bilərik. Bundan başqa, mənim müəyyən ambisiyalarım var. Olar bilər, bir neçə il öncə həmin ambisiyalarım yox idi, ancaq indi onlar yaranıb. Rəhbərlik etdiyim komandanın Avropa arenasında da müəyyən uğurlar əldə etməsini istəyirəm. Öncə bizə Avrokuboka vəsiqə qazanmaq lazımdır. Bu məqsədə nail olacağımız təqdirqə savadlı şəkildə seleksiya aparmaq və beynəlxalq oyunlara hazırlaşmaq lazımdır. Bizim avrokuboklarda iştirak etməkdə artıq təcrübəmiz var.
İnşallah, "İnter” Avropaya yol açar, orada isə ambisiyalarım və komandanın potensialı Avroliqanın qrup mərhələsinə düşmək barədə düşünməyə əsas verəcək.