"İnter"i fəth etmək istəyənlər üçün "sürpriz"
Hər şey hələ mövsümün əvvəllərində başlamışdı - uzun müddət ərzində "İnter"ə minbir yolla daxil edilən bəzi "qüvvələr" bank klubunu ələ almaq üçün komandada dayanıqlı şəxsləri devirmək planını işə saldılar. Ötən mövsüm klubun menecerləri və bəzi idarəetmə strukturunu ələ keçirən "kölgələr" komandanı əlində cəmləşdirən tək şəxs - baş məşqçi Kaxaber Sxadadzeni əhatəyə aldılar. Klubun himayəçisi Cahangir Haciyevə birbaşa çıxışı olan Sxadadze onlar üçün arzuolunmaz şəxsə çevrilmişdi. Onu "silmək" üçün "dua edənlər" kim, qollarını çilmələyib, əməlli işə keçənlər kim... Çünki Sxadadze onlara sərf eləmirdi. Bankdan kluba gələn pullardan "yemək" olmurdu... Hətta "kölgələrlə" Sxadadze fiqurunun çəkişməsi bəzi məqamlarda özünü aşkar göstərməyə başlayırdı - bir çox transferlərdə gürcü məşqçi öz diqtəsini "kölgələrə" nümayiş etdirirmiş kimi davranırdı. Planda avrokboklardakı uğursuzluqdan sonra əlaltı media qurumlarında ona qarşı antikampaniya aparmaq və beləcə onu rədd etmək idi. Ancaq "Lex"ə məğlubiyyətin fonunda əzmkar və yaxşı oyun "kölgələrin" niyyətini puça çıxartdı. Mətbuat "İnter"i və Sxadadzeni tənqid etmədi. Deməli, plan bu dəfə də alınmadı... İş çempionatın gedişində davam etdirilirdi. Vədəaşırı Sxadadzeni gözdən salmaq niyyətiylə yazılar atılıb-düşməyə başladı əlaltı portallarda. Ancaq "Birlik kuboku"ndakı "medal" da "kölgələrin" işinə böyük zərbə oldu. Onlar bərk əsəbləşdilər. Sxadadzeni ləkələyib, rədd eləmək heç cür mümkün olmur ki olmurdu... Son akkordlar isə yenicə baş qaldırmışdı. Premyer Liqadakı uğursuz çıxış, ölkə kubokunda I divizion təmsilçisi "Abşeron"la çətin, lap çətin qələbə və s. sərfəli məqamlar "kölgələri" dikəltmişdi. Gözləyirdilər ki, "Bakı"yla da oyunda komanda məğlub olacaq və "Qarabağ" məğlubiyyəti də şiddətlə xatırlanacaq, bununla da Sxadadzenin işini bitirəcəklər. Əslində, gözləmirdilər, "kölgələr" komandada bəzi futbolçularla yaxınlaşıb onları ələ almağı da bacarmışdı. "Torba" tikilməkdəydi. Hər şey Cahangir Hacıyevin "Qarabağ"la oyundan sonra Sxadadzeylə görüşündə zay olub "kölgələrçün". Etibarlı mənbənin verdiyi məlumata görə, klubun himayədarı baş məşqçiylə komandanın vəziyyəti və s.barədə söhbət edib. Söhbətdə Sxadadzenin vəzifəsində qalacağı məlum olub. Mənbənin dediyinə görə "bico" ilə yeni müqavilə hazırlanır. Müqavilənin müddəti barədə yaxın vaxtlarda məlumat verəcəyik. Çox maraqlıdı, Cahangir bəyin bu gözlənilməz addımı "kölgələrin" gələcək aqibətinə necə təsir göstərəcək?
Futbolpress.az
|