"Oyun asan olmadı. Matç qeyri-adi dərəcədə ağır keçdi, uzun müddət qol vura bilmədik. "Gəncə" bizə qarşı çox yaxşı müqavimət göstərdi və müdafiədə kifayət qədər savadlı oynadı, lakin biz oyunun gedişatını xeyrimizə dəyişə bildik və oyunun lap sonunda qələbəni əldə etdik. Xoşdu ki, son oyunda qalib gəldik və indi rahatlıqla istirahət edə, ikinci dövrəyə hazırlaşa bilərik". "Gəncə" ilə oyundan sonra "İnter"in kapitanı Vladimir Levin deyib. Millimizin üzvü "İnter" üçün 2010-cu ilin yaxşı keçdiyini, özü üçün isə o qədər də yaxşı alınmadığını bildirib: "İl kifayət qədər məhsuldar oldu. İlk yarımildə "İnter" Azərbaycanın çempionu oldu. Bu, böyük uğur, böyük qələbədi. Cari mövsümdə hər şey istədiyimiz kimi alınmasa da və liderlərdən bir qədər geridə olsaq da, bu geriliyi aradan qaldırmağa və yüksək yerlər uğrunda mübarizə aparacağımıza ümid edirik. İlin ikinci yarısında hər şey mənim üçün o qədər uğurlu alınmadı, zədələndim və üç ay meydana çıxmadım. Şükür ki, indi hər şey yaxşıdı və gələn il daha da yaxşı olacağına ümid edirəm. Fürsətdən istifadə edərək, hamını qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik edirəm. Ayrıca "İnter"in heyətini və klubun bütün azarkeşlərini təbrik edirəm. İstəyirəm ki, gələn il onların bütün arzuları yerinə yetsin və 2011-ci il onlara yalnız xoşbəxtlik və uğurlar gətirsin. Həmçinin Yeni İl gecəsi arzuladıqları hədiyyələri almalarını diləyirəm!" Levin azarkeşlərə təşəkkür edib: "Bizi dəstəkləyən insanlara minnətdarıq. Mən, elə bütün futbolçular da, gələn il də qələbələrimizlə azarkeşlərimizi sevindirməyə çalışacağıq".
|