"İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bizimlə
söhbətində Türkiyə toplanışının yekunları haqqında danışdı və komandanın mümkün
gücləndirilməsi barədə fikirlərini açıqladı.
-Mən toplanışın yekunundan razıyam. Böyük həcmli iş yerinə
yetirdik. Bu toplanışın əsas məqsədi növbəti hazırlığın özülünün qoyulmasından
ibarət idi və mən düşünürəm ki, bu, bizə müyəssər oldu. Futbolçulara fiziki
yükləmə böyük oldu, onlar çox yoruldular, buna baxmayaraq, qarşılarına qoyulmuş
tapşırıqların öhdəsindən gəldilər. Qeyd edim ki, Türkiyədə keçirilmiş yoxlama
matçlarında komandamız oyundan oyuna irəliləyirdi.
Onu da deyim ki, bir neçə mövqeyi gücləndirmək
lazımdır. Komandanın güclənməyə ehtiyacı var. Türkiyəyə baxışa bir neçə
futbolçu gəldi. Bütün bu futbolçular azad agentlər idilər, bu isə o deməkdir
ki, onlar komandasız qalmışdılar və tam proqramla məşq etmək imkanına
malik olmamışdılar, fərdi qaydada məşq etmişdilər. Onlar toplanışa hazırlıqsız
vəziyyətdə gəlmişdilər və onları yaxşı vəziyyətə gətirmək üçün vaxt tələb
olunurdu. Bizimlə toplanışda olan iki oyunçuya komandayla ikinci toplanışa
yollanmağı təklif etdim. Orada bir müddətdən sonra onların da gələcəyinə
aydınlıq gətiriləcək. Təbii ki, onlar bizim təklifi qəbul edib ikinci toplanışa
getmək istədikləri halda dediklərim reallaşa bilər.
Bundan başqa, hər hansı bir baxış keçirilmədən
komandada görmək istədiyim iki futbolçu var. Bu məsələ ilə bağlı klub
rəhbərliyilə söhbət etmişik. Onlar bu iki oyunçunu komandaya cəlb etməyə
razılıq verdilər və bu istiqamətdə danışıqlar gedir. Hər şey yaxın günlərdə müəyyənləşəcək.
Bu futbolçuların komandamıza keçmələrini çox istərdim, axı, onlar komandanı çox
gücləndirə bilərdilər.
|