Peşəkar Futbol Liqası "Neftçi”, "İnter” və "Xəzər Lənkəran”ın Premyer Liqanın ilk turlarındakı oyunlarını təxirə sala bilər.Ölkəmizi avrokuboklarda təmsil edən klublarımızın Avropa səyahəti uzun çəksə, PFL həmin təmsilçilərimizə qarşı güzəştə getməyə hazırlaşır.
Bu barədə açıqlama verən PFL prezidenti Ramin Musayev məsələ ilə bağlı aşağıdakıları söyləyib: "Əgər klublarımız belə bir xahişlə bizə müraciət etsələr, onlara kömək etməliyik. Bu, bizim borcumuzdu. Amma inanmıram ki, hansısa məşqçimiz oyunlarının təxirə salınmasını istəsin. Çünki sonradan onlar Premyer Liqadakı təqvimlərini çətinə salmış olacaqlar. Buna əyani misal "Qarabağ”ı göstərmək olar. Ağdam təmsilçisi adətən çempionatdakı təqviminin sıx olması səbəbindən həmişə çoxlu xal itkisi ilə üzləşirdi. Amma yenə də klublarımızın belə bir xahiş etmək imkanı var. Kimsə oyununun təxirə salınmasını istəsə, güzəştə getməyə hazırıq”.
|