Mahir Şükürov Tsxadadzeni o ki var təriflədi "Qəbələ”nin və Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Premyer Liqanın XI turunda keçmiş klubu "İnter”lə keçirəcəkləri oyun barədə danışıb. 29 yaşlı müdafiəçi Lent.az-a açıqlamasında paytaxt klubunun gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadze ilə müdafiəçi Valeri Abramidzeni tərifləyib.
Onun sözlərinə görə, Tsxadadze peşəkar mütəxəssis olmaqla bərabər, bir an da boş oturmur: "O, evdə də futbolsuz qalmır. Sxadadzeyə hörmətlə yanaşıram. "İnter” transferlərə elə də böyük pullar xərcləməyib, amma orada məhz baş məşqçinin işinin nəticəsidir ki, gözəl komanda formalaşıb”.
Şükürov Abramidzenin də "İnter”ə böyük köməyinin dəydiyini söyləyib. "Qəbələ”nin futbolçusu hesab edir ki, komandasının arxa xəttində məhz belə oyunçuya ehtiyac var: "Abramidze təkcə müdafiədə rəqibin hücumlarını dəf etməklə kifayətlənmir, hücuma da qoşulur. Şəxsən mən onunla "Qəbələ”də çiyin-çiyinə çıxış etmək istərdim. Amma klub rəhbərliyinə deyə bilmərəm ki, bu futbolçunu alsınlar. Çünki kapitan olsam da, belə səlahiyyətim yoxdur”.
Qeyd edək ki, dekabrın 11-də keçiriləcək "Qəbələ” – "İnter” matçı saat 14:00-da başlanacaq. Dopinq-testi müsbət nəticə verdiyi üçün araşdırma başa çatanadək Mahir Şükürov meydançaya çıxmayacaq.
|