Türkiyənin Antalya şəhərində təlim-məşq toplaışını yekunlaşdırmaqda olan "İnter” bu gün sonuncu yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, bank klubu yenə planlaşdırılan rəqiblə qarşılaşamayıb.
"Bankirlər” toplanış dövründə artıq üçüncü dəfə rəqibini dəyişib. Əvvəlcədən Bolqarıstanın "Ludqorets” klubu ilə qarşılaşacağı deyilən "İnter” Qazaxıstan təmsilçisi "Jetısu” ilə üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Jetisu” klubu 1981-ci ildə yaradılıb. "Jetısu” adı ilə fəaliyyətə başlayan komanda 1993-cü ildə "Taldikorqan”, bir il sonra "Kaynar” adlandırılıb və 1998-ci ildə tarixi adı bərpa olunub. 2006-cı ildə Qazaxıstan I divizionunun qalibi olan komanda ötən mövsüm Super Liqa gümüş medal qazanıb.
"İnter” Antalyada bundan əvvəl 5 yoldaşlıq oyunu keçirmişdi. Almaniyanın II Bundesliqa təmsilçisi "Karlsrue” 1:3 hesabı ilə yenilən "bankirlər” Albaniyanın "Skenderbeu” və Ukraynaın "Volın” klubları ilə heç-heçə oynayıb – 0:0. Türkiyənin III liqa təmsilçisi "Konya Şəkərspor”a 3:2 hesabı ilə qalib gələn "İnter” Avstriya "Sturm”unu məğlub edib – 2:1.
Antalya Yoldaşlıq oyunu 4 fevral
İnter (Azərbaycan) – Jetisu (Qazaxıstan) 0:0 İnter: Georgi Lomaya, Arif Daşdəmirov, Vladimir Levin, Valeri Abramidze, Peter Çrappan, Samir Zərgərov, Branislav Çervenka, Asif Məmmədov, Petar Zlatinov, Xayal Mustafayev, Baçana Tsxadadze.
|