"İnter” rəhbərliyi "Şəfa” İdman Sağlamlıq Mərkəzini almaq istəyir.Klub rəhbərliyi 15 il müddətinə icarəyə götürdükləri arenaya birdəfəlik sahib olmaq fikrindədir.
Bununla əlaqədar məsələyə AFFA-nın İcraiyyə Komitəsinin (İK) sabahkı iclasında müzakirələrdən sonra aydınlıq gələcək. "Şəfa” AFFA-nın balansında olduğundan, məsələni assosiasiya həll etmək lazımdır. Bu mənada futbolumuzda əsas söz sahiblərindən olan "icrakom” müzakirələrdən sonra qərar verəcək.
Məlum olduğu kimi, "İnter” ev oyunlarını keçirdiyi "Şəfa” stadionunun nəzdində olduğu "Şəfa” İdman-Sağlamlıq Mərkəzini 15 illiyə icarəyə götürüb. Bununla bağlı 2007-ci ilin fevralında klubla AFFA arasında müqavilə imzalanıb. Artıq bundan 5 ilə yaxın vaxt keçib və icarənin bitməyinə hələ xeyli müddət var. Sadəcə, "İnter” "Şəfa”nı icarəyə götürəndən sonra kompleks halında fəaliyyət göstərməyi yönündə xeyli işlər görür.
Bunlar əsasən müxtəlif tikinti işləridir. Meydançanın süni örtüklü qazonunun dəyişdirilməyi də nəzərdə tutulub və bunlar gələn il 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinə qədər yekunlaşmalıdır.
Əslində, "İnter” futbol yox, Peşəkar İdman Klubudur və bütün sənədlərdə belə göstərilir. Orada bir sıra başqa idman növləri də fəaliyyət göstərir və tikinti işlərində onların da inkişafına hesablanan məqsəd durur. Bu mənada inşaat işlərinə xeyli maliyyə vəsaiti sərf edən "İnter” "Şəfa”nı birdəfəlik alarsa, etdikləri özünə qalacaq.
Qeyd edək ki, "İnter”in fəxri prezidenti, klubun əsas himayədarı olan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev İK-nın üzvüdür.
|