"Lion" və PSJ-nin sabiq oyunçusu Azərbaycanda oynamağa razılıq verib Bakı "İnter"i Fransadan futbolçu transfer etmək istəyib.Əldə etdiyimiz məlumata görə, Fransanın "Lill" klubunun oyunçusu Pierre Alain Frau Bakı klubunun formasını geyinməyə yaxınr olub. Etibarlı mənbənin verdiyi məlumatda bildirilir ki, bu transferlə bağlı danışıqları türkiyəli menecer Mehmet Kayrıma aparıb. Frau özü də "İnter"də oynamağa razılıq verib. Lakin bank klubu bu transferi reallaşdıra bilməyib. Çünki "Lill"in tələb etdiyi transfer haqqı paytaxt klubunu razı salmayıb. İki klub razılığa gələ bilməyiblər və bu məsələyə son qoyulub. "Lill"ə "İnter" arasında danışıqlar noyabr ayında başa çatıb. Qeyd edək ki, Pierre Alain Frau 15 aprel 1980-ci ildə Fransanın Montbeliard şəhərində dünyaya gəlib. Ampulası hücumçu olan futbolçunun boyu 175 sm-di. Peşəkar karyerasına 1997-ci ildə "Soşo"da başlayan Pierre 2004-cü ilə qədər bu klubda 222 oyun keçirib və 64 qola imza atıb. 2004-2006-ci illərdə Lion "Olimpik"ində 36 oyuna çıxıb, 7 qola imza atan Frau 2005/2006 mövsümünü icarə əsasında "Lans"da keçirib - 20 oyun, 5 qol. 2006-cı ildə PSJ-yə transfer olunub və bir mövsüm ərzində 36 oyuna çıxaraq, 4 qola imza atıb. "İnter"in heyətinə qatmaq istədiyi futbolçu 2008-ci ildə "Lill"ə transfer olunub. İndiyə qədər 66 oyunda komandanın formasını geyinib və 16 dəfə rəqib qapıçıları məyus edib.
|