Ötən mövsüm "İnter"ə böyük ümidlərlə transfer edilən Filip Despotovski özünü yaxşı tərəfdən göstərə bilmədi. Kaxaber Tsxadadzenin istəyilə "bankirlər"ə cəlb olunan makedon futbolçu ilk vaxtlar yaxşı oynasa da, sonradan lazım olan oyunu nümayiş etdirməyi bacarmadı.
Ölkə çempionatının "Simurq"la səfər oyununda zədələnən Despotovski uzun müddətə sıradan çıxdı. Bərpa prosesini keçdikdən sonra isə Tsxadadze ondan gözlənilən oyunu ala bilmədi. Bu səbəbdən də Filip mövsüm sonunda komandadan ayrıldı. Bir ara Rusiyanın "Tom" klubuna keçidi gündəmdə olan futbolçu karyerasını öz ölkəsində davam etdirəcək. Premyerliqa.az xəbər verir ki, Makedoniya millisinin də üzvü olan Despotovski ölkəsinin tanınmış klublarından olan "Rabotniçki" ilə müqavilə imzalayıb. Xatırladaq ki, 28 yaşlı futbolçu əvvəllər "OFK Beoqrad", "Bejaniya", "Maçva Sabaç" (hamısı Serbiya), "Vardar"(Makedoniya), "Vorskla" (Ukrayna), "Etnikos" (Yunanıstan) klublarının formasını geyinib.
|