Главная » 2011 » Noyabr » 18 » "İnter"in "Qarabağ"la 25-ci dueli (Statistika)
19:26
"İnter"in "Qarabağ"la 25-ci dueli (Statistika)
Premyer Liqanın XIII turunun mərkəzi qarşılaması "İnter" və "Qarabağ" komandaları arasında olacaq. Paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter” və "Qarabağ” komandaları Azərbaycan çempionatı çərçivəsində ilk dəfə 2004/05-ci il mövsümündə qarşılaşıblar.
Komandaların birinci qarşılaşması "Qarabağ”ın meydançasında baş tutub və oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar indiyə kimi 24 dəfə qarşılaşıblar. Bu oyunlardan 19-u Azərbaycan çempionatının, 5 oyun isə kubok yarışlarının payına düşür. 24 oyunun 10-da "İnter" daha güclü olub, 5 qarşılaşmada qalib müəyyənləşməyib, 9 görüşdə isə "Qarabağ” qalib gəlib. Vurulmuş toplar arasında fərq də "İnter”in xeyrinədir - 20-19.
"İnter" - "Qarabağ" qarşılaşmasının ən populyar hesabı 1:0-dır. Bu nəticə 24 oyundan 14-də qeydə alınıb. Qeyd edək ki, Azərbaycan Çempionatında "Qarabağ”a qarşı keçirdiyi ev oyunlarında "İnter” meydanı 6 dəfə qalib kimi tərk edib, 1 dəfə sülh bağlayıb və 2 matçda qonaqlar güclü olublar. Bu qarşılaşmalarda vurulan toplar arasında fərq 9-5 "İnter”in xeyrinədir.
Xatırladaq ki, sayca 25-ci olacaq "İnter”-"Qarabağ” matçı noyabrın 20-də keçiriləcək. Qarşılaşma saat 18.00-da "Şəfa” stadionunda baş tutacaq.