Azərbaycanın U-16 milli komandasının qapıçılar üzrə məşqçisi və "İnter” komandasının əvəzedici heyətinin Üzeyir İbrahimov AFFA-nın dəstəyilə UEFA-nın eqidası altında Belçikada keçirilən seminarda iştirak eib.
İbrahimov klubun rəsmi saytına açıqlamasında seminar barədə təəssüratlarını bölüşüb.
- Öncə keçirilən seminar barədə daha ətraflı məlumat verməyini xahiş edirik... - Seminarda kifayət qədər tanınmış mütəxəssislər iştirak edirdilər. Qeyd edim ki, seminarda mühazirələri Lui Van Qalın köməkçisi aparırdı. Seminar Belçikanın Qent şəhərində keçirilirdi və 4 gün davam etdi. Məşğələlər "Qent” Futbol Klubunun bazasında aparılırdı. Deyim ki, seminar olduqca məhsuldar oldu. Biz müasir qapıçılar məktəbinə aid bütün məsələləri ətraflı nəzərdən keçirdik. Seminarın yekunundasa bütün iştirakçılara UEFA tərəfindən sertifikatlar təqdim olundu.
- Seminarda hansı məsələlər daha çox müzakirə obyekti oldu? - Bilirsiniz, müasir futbolda qapıçı yalnız əl ilə oynamaq və qapını qorumaq hüququna malik olan şəxs deyil. İndiki dövrdə qapıçı digər ampluada oynayan futbolçuların bacardıqlarını yerinə yetirmək imkanına malik olmalıdır. Seminarda qapıçının digər ampluada çıxış edən oyunçuya çevrilməsi mövzusu ayrıca müzakirə edildi. Axı müasir qapıçı ayağıyla əla oynamağı bacarmalı, hücumun başlanması üçün lazımi bacarıqlara malik olmalıdır. Seminarda bizə məhz bu barədə danışıldı. Bundan başqa, qapıçıların matçlara psixoloji hazırlaşmaları məsələsinə də toxunuldu. Bu faktor müasir futbolda getdikcə ön plana çıxır və ondan bir çox məsələ asılıdır.
- Bu seminarda yeni nə öyrəndin? - Çox yeniliklərlə tanış oldum. Ancaq qapıçıların məşqçisiz çalışdıqları məşq prosesinin təşkilindən xoşum gəldi. Belə ki, 3 və ya 4 qapıçı onların məşqlərinə kənardan baxırdı. Bu, onların səhvlərini daha yaxşı görməyə və psixoloji planda azad olmağa və məşqlərdə daha yaxşı toparlanmağa imkan verir.
- Belə seminarlarda tez-tez iştirak etmək istərdin? - Təbii ki, belə seminarlar bizə çox kömək edir. Fürsətdən istifadə edərək faydalı tədbirdə iştirak etmək imkanı yaratdığına görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Belə seminarlar bizə daha yaxşı ixtisaslaşmağa və qapıçıları daha məhsuldar hazırlamağa kömək edir.
|